gallery6

“Publik hüquqi şəxsin xüsusiyyətləri” mövzusunda təlim keçirilmişdir

17.10.2016

Azərbaycan Respublikası Vergilər Nazirliyinin müvafiq əmri ilə dövlət vergi orqanlarının qeydiyyat sahəsində çalışan əməkdaşları üçün “Publik hüquqi şəxsin xüsusiyyətləri” mövzusunda 17 oktyabr 2016-cı il tarixdə Vergilər Nazirliyinin Tədris Mərkəzində təlim keçirilmişdir.

Təlimin keçirilməsində əsas məqsəd “publik hüquqi şəxs” anlayışının hüquqi baxımdan araşdırılmasından, “publik hüquqi şəxs”in yaradılması və fəaliyyət xüsusiyyətləri barədə təlim iştirakçılarına daha ətraflı məlumat verməkdən ibarət olmuşdur.                                                                  

Təlimdə təlimçi qismində LL.M., Kil Universitetinin Şərqi Avropa hüququ institutunun elmi işçisi Azər Əliyev, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin rəisi Samir Seyidəhmədli və dinləyici qismində Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin, Naxçıvan Muxtar Respublikası Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsinin və Ərazi Vergilər İdarələrinin 17 nəfər əməkdaşı (şöbə və bölmə rəisləri, hüquqşünaslar) iştirak etmişlər.

Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı idarəsinin Dövlət qeydiyyatı va uçotun təşkili şöbəsinin Dövlət qeydiyyatının təşkili bölməsinin baş hüquqşünası Abdullayeva Hüsniyyə Nəbi qızı üzürlü səbəbdən təlimdə iştirak etməmişdir.

Təlimi giriş sözü ilə Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı idarəsinin Dövlət qeydiyyatı və uçotun təşkili şöbəsinin rəisi Nigar Alimova açaraq keçirilən təlimin aktuallığından danışmış və “publik hüquqi şəxs” anlayışının mahiyyətini açıqlamış, bu anlayışın ətraflı müzakirəsinə ehtiyyac olduğunu bildirmişdir.

Təlim prosesində “Azərbaycan Respublikasının qanunvericiliyində publik hüquqi şəxslərin fəaliyyətinin tənzimlənməsi”, “Publik hüquqi şəxslərin yaradılması və fəaliyyətlərinin xüsusiyyətləri”, “Kommersiya hüquqi şəxslərində iştirakçının çıxmasının (iştirakına xitam verilmənin) xüsusiyyətləri” kimi alt mövzular müzakirə olunmuşdur.

Təqdim edilən mövzular, cavablandırılan suallar və nümayiş etdirilən materiallar dinləyicilər tərəfindən yüksək qiymətləndirilmişdir.

Təlim zamanı Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı idarəsinin Dövlət qeydiyyatı va uçotun təşkili şöbəsinin rəisi Nigar Alimova, 2 saylı Ərazi Vergilər Departamentinin Qeydiyyat və uçot şöbəsinin rəisi Azər Babayev və  13 saylı Ərazi Vergilər İdarəsinin Qeydiyyat və uçot şöbəsinin baş hüquqşünası Mehman Səfərli mövzu ətrafında aparılan müzakirələrdə fəallıqları ilə seçilmişlər.