XƏBƏRLƏR

“Vergi sahəsində kadr hazırlığı – problemlər, perspektivlər” mövzusunda dəyirmi masa keçirilmişdir

  Vergilər Nazirliyinin Tədris Mərkəzində 7 oktyabr 2016-cı il tarixində “Vergi sahəsində kadr hazırlığı – problemlər, perspektivlər” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada AMEA-nın, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və digər Universitetlərin, Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyasının,  dövlət  və qeyri-hökumət təşkilatlarının, bələdiyyələrin geniş tərkibli nümayəndə heyətləri iştirak etmişlər.

  Dəyirmi masada vergi sahəsində kadr hazırlığı sahəsində mövcud vəziyyət, problemlər, onların aradan qaldırılması yolları və gələcək inkişaf istiqamətləri geniş şəkildə müzakirə edilmişdir. Müzakirələr və dəyirmi masada edilən çıxışlar əsasən aşağıdakı istiqamətləri əhatə etmişdir:

  1. Təhsil müəssisələrində vergi sahəsində biliklərin aşılanması;
  2. Gənclərdə vergi mədəniyyətinin formalaşması;
  3. Kadr hazırlığı prosesində qarşıya çıxan problemlərin təhlili;
  4. Vergi sahəsində nəzəri biliklərlə praktiki tətbiq bacarıqlarının araşdırılması;
  5. İxtisasartırma və peşə hazırlığı problemlərinin real tələbatla uyğunlaşması;
  6. Təlim və tədris prosesinin təkmilləşdirilməsi və s..

  Dəyirmi masada Azərbaycanın aparıcı iqtisadçı və hüquqşünas alımlərinin, bilavasitə praktiki fəaliyyətlə məşğul olan sahibkarların və cəmiyyətin digər təbəqələrini təmsil edən nümayəndələrinin çıxışları dinlənilmişdir.

  Vergi sahəsində kadr hazırlığı vergi sisteminin təkmilləşdirilməsinin əsas istiqamətlərindən biridir. Bütün bu aspektlər nəzərə alınaraq vergi sahəsində kadr hazırlığı problemlərinin aktuallığı qeyd edilmiş və bu sahədə gələcəkdə də elmi konfransların, seminarların və dəyirmi masaların keçirilməsinin əhəmiyyəti vurğulanmışdır.