gallery6

Səyyar vergi yoxlamasının aparılası sahələri üzrə ilk sertifikatlaşdırma təlimi başa çatdı

12.08.2016

Vergilər Nazirliyinin müvafiq əmrləri ilə 4 avqust 2016-cı il tarixdən 12 avqust 2016-cı il tarixədək olan müddətdə dövlət vergi orqanlarının əməkdaşları üçün “Səyyar vergi yoxlamasının aparılası sahəsi üzrə vergi inzibatçılığı” və “Sahələrə uyğun səyyar vergi yoxlamasının aparılası sahəsi üzrə vergi inzibatçılığı” təlim blokları üzrə Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimləri təşkil edilmişdir.

Təlimlərə bu sahələrdə çalışan 26 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb edilmişdir.

Tədris-mövzu planına vergi auditinin formaları, vergi auditinin təşkili prinsipləri, vergi auditi ilə əhatə edilən dövr, yoxlamada iştirak edən şəxslərin müəyyən edilməsi, vergi auditi ilə əhatə edilən elementlər, audit zamanı tövsiyə  olunan xüsusiyyətlər, vergi auditinə başlama və ümumi tələblər, vergi auditinin mərhələləri, vergi auditinin nəticələrinə baxılması, yoxlamanın materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması, səyyar vergi yoxlaması zamanı vergi orqanları tərəfindən inventarizasiyanın aparılması, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması, vergi ödəyicisi tərəfindən imzalanmasından imtina edilmiş və vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə haqqında qərar çıxarılmamış səyyar vergi yoxlaması aktları üzrə əlaqələndirmə fəaliyyətinin təşkili, gəlirlərin, xərclərin və vergilərin hesablanmasının düzgünlüyünün yoxlanılması, AVİS-in “Audit (səyyar)” alt sistemindən istifadə edilməsi və mühasibat uçotu üzrə mövzular daxil edilmiş və tədris olunmuşdur.

Təlim 7 gün davam etmişdir.

Təlim zamanı Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Audit idarəsinin 1-ci şöbəsinin böyük dövlət vergi müfəttişi Mehralıyev Hümbət Məhəmmədəli oğlu, Auditin təhlili şöbəsinin baş dövlət vergi müfəttişi Əliyev Mehman Babaş oğlu, Xüsusi qərarlara əsaslanan Audit şöbəsinin baş dövlət vergi müfəttişi Əsgərli Şahin Məhyəddin oğlu, Bank, sığorta və rabitə sahələri üzrə Audit idarəsinin 2-ci şöbəsinin böyük dövlət vergi müfəttişi Qarayev Azad Cəmil oğlu, Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin Audit idarəsinin E-audit şöbəsinin baş dövlət vergi müfəttişi Cəfərov Azər Sihət oğlu, 5 saylı Ərazi Vergilər İdarəsinin Audit şöbəsinin böyük dövlət vergi müfəttişi Əhədov Elşən Siyasət oğlu, 10 saylı Ərazi Vergilər İdarəsinin Audit şöbəsinin böyük dövlət vergi müfəttişi Mustafayev Hacıbala Qüdrət oğlu  müzakirə olunan məsələlərə yanaşmada xüsusilə fərqlənmişlər.

Təlimlərin yekunu üzrə 12 avqust 2016-cı il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir.

İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 3 nəfəri 1-ci dərəcəli, 15 nəfəri 2-ci dərəcəli, 4 nəfəri isə III dərəcəli sertifikat almışdır.

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Audit idarəsinin 1-ci şöbəsinin böyük dövlət vergi müfəttişi Mehralıyev Hümbət Məhəmmədəli oğlu, Auditin təşkili şöbəsinin böyük dövlət vergi müfəttişi Hacınskiy Elxan Fuad oğlu və 6 saylı Ərazi Vergi İdarəsinin Audit şöbəsinin baş dövlət vergi müfəttişi Əliyev Nasir Asif oğlu 1-ci dərəcəli sertifikat almışlar.

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Bank, sığorta və rabitə sahələri üzrə Audit idarəsinin 1-ci şöbəsinin böyük dövlət vergi müfəttişi Məhərrəmov Eşqin Cəlal oğlu, Pərakəndə ticarət sahəsi üzrə audit idarəsinin 2-ci şöbəsinin böyük dövlət vergi müfəttişi Cəfərov Hacı Nizami oğlu, 12 saylı  Ərazi Vergi Departamentinin Audit şöbəsinin rəis müavini Məmmədov Sabit Məmməd oğlu, 14 saylı  Ərazi Vergi İdarəsinin Audit şöbəsinin böyük dövlət vergi müfəttişi Əhmədov Vidadi Əli oğlu “Vergi inzibatçılığı” təlim blokundan zəif nəticə göstərmiş və onların yekun imtahan nəticələri “qeyri-kafi” qiymətləndirilmişdir.

“Səyyar vergi yoxlamasının aparılası sahəsi üzrə vergi inzibatçılığı” təlim qrupunun hər iki mərhələ üzrə yekun nəticəsi 83,6% və “Sahələrə uyğun səyyar vergi yoxlamasının aparılası sahəsi üzrə vergi inzibatçılığı” təlim qrupunun yekun nəticəsi isə 79,5% olmuşdur.