gallery6

Yuxarı menecer ehtiyatında olan əməkdaşlar üçün idarəetmə təlimi keçirilmişdir

28.07.2016

Dövlət vergi orqanlarında mövcud olan insan resurslarından daha səmərəli istifadənin təşkil edilməsi məqsədilə Vergilər Nazirliyinin müvafiq əmri ilə “Dövlət vergi orqanlarında yuxarı menecer vəzifələrinin tutulması üçün kadr ehtiyatının yaradılması və idarə olunması Qaydaları” təsdiq edilmişdir. Qaydalara müvafiq olaraq müəyyən edilmiş parametrlərə malik olan vergi orqanı əməkdaşları Nazirliyin yuxarı menecer vəzifələri üçün kadr ehtiyatına daxil edilmişdir.

Kadr ehtiyatında olan əməkdaşların idarəetmə sahəsində daha müasir biliklərə və innovativ metodlara yiyələnməsi məqsədilə 2016-cı ilin təlim qrafikinə əsasən onlara bir sıra idarəetmə təlimlərinin keçirilməsi nəzərdə tutulmuşdur.

Müvafiq kadr ehtiyatına daxil edilmiş əməkdaşların idarəetmə sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə dövlət vergi orqanlarının əməkdaşları üçün “Komanda qurmaq bacarıqları” mövzusunda 28 iyul 2016-cı il tarixində Vergilər Nazirliyinin Tədris Mərkəzinin inzibati binasında təlim təşkil edilmişdir.

Təlimdə təlimçi qismində İnsan resursları idarəsinin Təhsil və inkişaf şöbəsinin rəisi Nərmin Mirzəyeva və dinləyici qismində Nazirliyin Tədris və insan resurslarının inkişafı sahələri üzrə müşavir xidmətinin, Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin, Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin, Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin, İnsan resursları idarəsinin, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin, Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinin və 4 saylı Ərazi Vergilər İdarəsinin 9 nəfər əməkdaşı  (şöbə və bölmə rəisi) iştirak etmişlər.

Təlimdə komanda anlayışı, mahiyyəti və növləri açıqlanmış, komanda işinin üstünlükləri qeyd edilmiş, komandanın inkişaf mərhələləri və mərhələlərə uyğun idarəetmə sisteminin qurulması prinsipləri və xüsusiyyətləri açıqlanmış, komandada rollar və onların fərdi xüsusiyyətləri araşdırılmış, effektiv komandanın yaradılması istiqamətləri qeyd edilmişdir. Bundan başqa, komanda işində yol verilən səhvlər araşdırılmış və onların həlli istiqamətləri göstərilmişdir. Təlimin sonunda qeyd olunan məsələlər və qrup tapşırıqları geniş müzakirə edilmişdir.

Təlimin bütün iştirakçıları təlim prosesindəki müzakirələrdə, qrup tapşırıqlarında və sual-cavabda aktiv iştirak etmişdilər.

Təlimçi Nərmin Mirzəyevanın komanda işini qurmaq, mövzuları təqdim etmək, sualları cavablandırmaq, auditoriyanı idarəetmə bacarığı və nümayiş etdirdiyi materiallar dinləyicilər tərəfindən yüksək qiymətləndirilmişdir.