XƏBƏRLƏR

“Korrupsiyaya qarşı mübarizə, maraqların toqquşması və məlumat təhlükəsizliyi məsələləri” mövzusunda təlim keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi vergi orqanları əməkdaşlarının korrupsiya ilə mübarizə sahəsində maarifləndirilməsi məqsədilə “EKVİTA” Şirkəti ilə birgə təlim keçirib. 12 saylı Ərazi Vergilər Baş İdarəsində baş tutmuş təlim “Korrupsiyaya qarşı mübarizə, maraqların toqquşması və məlumat təhlükəsizliyi məsələləri”nə həsr olunub.

Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov təlim iştirakçılarına ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional tədbirlər barədə ətraflı məlumat verib. Mərkəzin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazım Əliyev və “EKVİTA” Şirkətinin direktoru İlqar Mehti çıxışlarında korrupsiya hüquqpozmaları, bu növ əməllərə görə tətbiq edilən məsuliyyət tədbirləri, korrupsiyanın ictimai və iqtisadi həyata neqativ təsirləri, korrupsiyaya şərait yaradan amillər, maraqlar toqquşması, məlumat təhlükəsizliyi, ölkəmizdə və beynəlxalq təcrübədə həyata keçirilən antikorrupsiya strategiyalarının əsas istiqamətləri və s. məsələlərə toxunublar. İnteraktiv formatda keçirilmiş tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Xatırladaq ki, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Antikorrupsiya Şəbəkəsinin Monitorinq Raundları ilə bağlı tövsiyələrində korrupsiya ilə mübarizə sahəsində maarifləndirmə və tədrisin genişləndirilməsi, təlimlərin keçirilməsi üzrə icraçı strukturlardan biri kimi müəyyən edilib.