XƏBƏRLƏR

DVX-nin nümayəndəsi Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının iclasında iştirak etmişdir

DVX-nin Tədris Mərkəzinin rəisi Mirəli Kazımov Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının 17 iyun 2021-ci il tarixdə keçirilmiş növbəti iclasında iştirak etmişdir. İclasda bir sıra məsələlər, o cümlədən Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının Anti-korrupsiya Təlim Mərkəzinin təsis edilməsi müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir.  Mirəli Kazımov Elmi-Məsləhət Şurasının üzvü olaraq iclasda dünyada bu tip Mərkəzlərin analoji modelləri, əsas fəaliyyət istiqamətləri, ISO standartları və meyarları, Antikorrupsiya Təlim Mərkəzinin Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə orqanları sistemində yeri və müvafiq strukturlar ilə qarşılıqlı əlaqəli fəaliyyəti ilə bağlı mövqeləri nəzərdə tutan məruzə təqdim etmiş və Mərkəzin səmərəli fəaliyyəti üçün əhəmiyyət kəsb edə bilən bir sıra təkliflər irəli sürmüşdür.

Müzakirələrdə həmçinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin dünyada korrupsiyaya qarşı mübarizə, bu yöndə təlim-tədtis proseslərinin təşkili və elmi araşdırmaların aparılması sahəsində yüksək professional qurum sayılan Beynəlxalq Anti-Korrupsiya Akademiyası (IACA) ilə bağlamış olduğu 15 fevral 2012-ci il tarixli anlaşma memorandumunun əhəmiyyəti xüsusi olaraq vurğulanmışdır. Eyni zamanda, antikorrupsiya üzrə təlim-tədris və elmi-nəzəri araşdırmalar sahəsində mövcud təcrübələrin mübadiləsinin aparılması, əməkdaşlıq çərçivəsində və resursların birləşdirilməsi yolu ilə dövlət əhəmiyyətli bu mühüm vəzifənin icrasında birlikdə fəaliyyət göstərilməsi məqsədəmüvafiq hesab edilmişdir.