XƏBƏRLƏR

Tədris Mərkəzi və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin əməkdaşları arasında görüş keçirilmişdir.

02.04.2021-ci il tarixində, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin akkreditasiyasına əsasən Peşəkar mühasib təşkilatları kimi fəaliyyət göstərən Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM), Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA), Azərbaycan Gənc Mühasiblər İctimai Birliyi (GMİB), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin əməkdaşları arasında görüş keçirilmişdir.

Görüşdə  “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun qüvvəyə minməsi və bu qanunun tələblərindən irəli gələrək, mühasiblərin peşəkar mühasib sertifikatının əldə etməsinin və peşəkar təşkilata üzv olmasının zəruriliyi, peşəkar mühasib təşkilatlarının apardığı maarifləndirici tədbirlərin əhəmiyyətini daha da ön plana çəkilməsi və fəaliyyətin bu istiqamətdə genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.

Dövlət İmtahan Mərkəzinin əməkdaşları “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi ilə əlaqədar texniki məsələlərlə bağlı peşəkar mühasib təşkilatları tərəfindən verilən mühasibləri maraqlandıran sualları cavablandırmış və eləcə də bir sıra çətinliklərə aydınlıq gətirmişlər. Tədbirdə bu prosesin daha səmərəli və operativ keçirilməsi üçün təkliflər də irəli sürülmüşdür. Əsas təklif olaraq isə, APFM, ARPA,GMİB və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi-nin ekspert və mütəxəssislərinin cəlb olunması ilə müvafiq İşçi Qrupunun yaradılması nəzərdə tutulur.

İşçi qrupunun yaradılmasında əsas məqsəd isə yaxın gələcəkdə PMS imtahanlarının təşkili prosesində Dövlət İmtahan Mərkəzi ilə peşəkar mühasib təşkilatları arasında daha yaxın əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsini, qarşılıqlı faydalı təcrübə mübadiləsini, mühasiblərin maarifləndirilməsini, qanunvericiliklə bağlı müvafiq qaydalarda dəyişikliklərin edilməsində məsləhətləşmələri, mövcud problemlərin və gələcəkdə yaranacaq sualların həllində koordinasiyanı və kompleks yanaşmanı təmin etməkdən ibarətdir.

İşçi qrupu tərkibində görüşlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.