XƏBƏRLƏR

Tədris Mərkəzi tərəfindən “Əmək münasibətlərinin qeyri-rəsmi məğulluğun aradan qaldırılmasına təsiri” mövzusunda seminar keçirilib

      Seminarı giriş sözü ilə Tədris Mərkəzinin rəisi səlahiyyətlərini icra edən Mirəli Kazımov açaraq iştirakçıları salamladı və keçirilən seminarın əhəmiyyətindən, bu istiqamətdə mövcud olan normativ-hüquqi bazadan və Dövlət Vergi Xidməti tərəfindən qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində görülən işlərdən danışdı.

     Seminarda  təlimçi qismində Vergi inzibatçılığının tədrisi şöbəsinin dosenti, hüquq üzrə fəlsəfə doktoru Zahir Babayev “Əmək müqaviləsi və mülki xarakterli müqavilələr arasında mövcud olan oxşarlıq və fərqliliklərin hüquqi aspektdən təhlili” və Vergi qanunvericiliyinin tədrisi şöbəsinin dosenti Rəşad Əhmədov “Qeyri-leqal məşğulluğun leqallaşdırılması istiqamətində vergi nəzarət tədbirləri” mövzusunda təqdimatla çıxış ediblər.

Seminarda çıxış edənlər qeyd ediblər ki, əmək fəaliyyəti həyata keçirən işçi ilə əmək müqaviləsi əvəzinə xidməti müqavilə bağlana bilməz və əks halda bu mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

       Belə ki, bəzi hallarda vergi ödəyicilərinin bir qismi öz işçiləri ilə əmək müqavilələrini bağlamaq əvəzinə onlarla xidməti müqavilə bağlayaraq həmin şəxsləri vergi orqanında vergi uçotuna durmağa təhrik edir, bununla da işəgötürənin üzərinə düşən vergi öhdəliklərini minimallaşdırmağa çalışır. Digər tərəfdən, bu hal vergi ödəyicisi statusunu əldə etmiş, lakin faktiki olaraq əmək funksiyalarını yerinə yetirən şəxsin dövlət qarşısında  öhdəliklərinin artmasına, bununla da həmin şəxsin vergi öhdəliklərinin müstəqil və müntəzəm olaraq yerinə yetirməsinə, digər dövlət orqanları (Əmək və Əhalinin Sosial NMüdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Dövlət Statistika Komitəsi) ilə də daim təmasda olmasına, fəaliyyətinin nəticələri üzrə dövlət orqanlarına bəyannamələrin verilməsinə, həmin bəyannamələrin gecikdirildiyi halda maliyyə sanksiyaları və cərimələrə məruz qalmasına səbəb olur.

       Qeyd olundu ki, bu cür hallar vergi orqanı tərəfindən araşdırılır və işəgötürən şəxsin vergidən yayınmaya yol verdiyi hallar sübuta yetirildikdə, vergi orqanı tərəfindən müvafiq tədbirlər görülür.

      Daha sonra seminarın gedişində qeyri-leqal məşğulluğun aradan qaldırılması məqsədi ilə əmək müqaviləsinin mahiyyəti, onun tərəfləri, xidməti müqavilədən fərqli cəhətləri, onun necə bağlanması və xitam verilməsi, hüquqi qüvvəyə minməsi, əmək müqaviləsi bildirişinə elektron informasiya sistemində baxılması, hesablanmış əmək haqqından gəlir vergisinin və sosial ayırmaların hesablanaraq tutulması, ödənilməsi və bəyan edilməsi, vergi orqanına təqdim edilən bəyannamələrdəki işçi sayı və əmək haqları barədə məlumatların dəqiqləşdirilməsi və uyğunsuzluqların həlli, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işə cəlb edilmiş işçilərə görə işəgötürənə münasibətdə tətbiq edilən məsuliyyət tədbirləri, əmək müqaviləsinin rəsmiləşdirilməsinin işçi üçün üstün cəhətləri və əlavə mənbələr barədə məlumatlar verilib.

        Mövzu geniş müzakirələrə səbəb olub. Müzakirələrdə Tədris Mərkəzinin rəisinin səlahiyyətlərini icra edən Mirəli Kazımov, rəisin birinci müavini Ceyhun Mehdiyev, Mərkəzin İqtisadiyyat və idarəetmə şöbəsinin rəisi İmran Qarayev, həmin şöbənin dosenti Qalib Tanrıverdiyev, Dövlət Vergi Xidmətinin Kiçik Sahibkarlarla İş üzrə Baş İdarənin Operativ nəzarət idarəsinin böyük dövlət vergi müfəttişi Saleh Məsimov iştirak ediblər və bir sıra təkliflərlə çıxış ediblər.

         Seminarda 58 nəfər dövlət vergi orqanı əməkdaşı iştirak edib.