XƏBƏRLƏR

Yuxarı menecer ehtiyatında olan əməkdaşlar üçün idarəetmə təlimi keçirilmişdir.

«Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası əsasında hazırlanmış strategiya yaxın və orta müddətli perspektivdə Nazirliyin müxtəlif istiqamətlər üzrə fəaliyyət prioritetlərini və əsas hədəflərini müəyyən edir. Strategiyada bir sıra sahələrlə yanaşı, insan resurslarının inkişafı, kadr hazırlığının yüksəldilməsi, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələr dolğun şəkildə əksini tapmışdır.

İnsan resurslarının  düzgün  idarə edilməsi hər bir idarə və müəssisədə işin məhsuldarlığına və keyfiyyətinə müsbət təsir göstərməklə yanaşı, ümumilikdə, bütün sahələrdə dinamik inkişafa nail olmağa, qüdrətli dövlətin yaranmasına və qorunub saxlanılmasına zəmin yaradır.

Cənab Prezidentimiz İlham Əliyev ictimaiyyətlə görüşlərindən birində demişdir:  “Azərbaycan bir neçə ildən sonra inkişaf etmiş ölkələrin sırasına daxil olacaq. Ancaq bu inkişafı dayanıqlı, uzunmüddətli etmək üçün mütləq peşəkar kadrlar lazımdır”. Bu reallıqdan çıxış edən Vergilər Nazirliyi insan resursları sahəsindəki işlərin müasir tələblərə uyğun qurulması istiqamətində fəaliyyətini davam etdirir.

Tədris və təlim prosesində vergi orqanları əməkdaşlarının peşə hazırlığının təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində müasir informasiya texnologiyalarından istifadəyə üstünlük verərək, Vergilər Nazirliyi 2016-cı ildə yuxarı menecer ehtiyatında olan əməkdaşlar üçün bir sıra idarəetmə təlimlərinin keçirilməsini nəzərdə tutur.

Vergilər Nazirliyinin  müvafiq əmri ilə Nazirliyin yuxarı menecer ehtiyatında olan əməkdaşları üçün 8 iyul 2016-cı il tarixdə Vergilər Nazirliyinin Tədris Mərkəzinin inzibati binasında “İnsan resurslarının idarə edilməsində liderlik” mövzusunda idarəetmə təlimi keçirilmişdir. Təlimdə 16 nəfər əməkdaş  iştirak etmişdir.

Təlimdə idarəetmə və liderlik anlayışı, idarəetmənin mahiyyəti aşıqlanmış, dövlət vergi orqanlarında liderlik funksiyasını həyata keçirən şəxslərə, orta menecerlərə qoyulan tələblər müəyyən edilmiş, idarəetmə fəaliyyətinin planlaşdırılması, vərdiş və bacarıqların aşılanması, özünü təhsil kimi məsələlərə toxunulmuşdur. Liderlikdə problemli vəziyyətlər, işçi fəaliyyətinə nəzarət, nəzarətin funksiyası və növləri əməkdaşların diqqətinə çatdırılmış və qeyd olunan məsələlər müzakirə edilmişdir.

İşçi ilə ünsiyyətin qurulması və Etik davranış Qaydalarının idarəetmədə rolu, işçinin fəaliyyətinin qiymətləndirilməsi meyarları ətrafında geniş və səmərəli müzakirələr aparılmışdır.

Təlimdə təlimçi qismində Nazirliyin İnsan resursları idarəsinin Təhsil və inkişaf şöbəsinin baş mütəxəssisi İlkin Rəhimov iştirak etmişdir.