XƏBƏRLƏR

Tədris Mərkəzinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi Malik Əkbərov 2020-ci il dekabr ayının 9-da vəfat etmişdir. 

 

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi Malik Əkbərov 2020-ci il dekabr ayının 9-da 46 yaşında vəfat etmişdir. 

Malik Şahbaz oğlu Əkbərov 1974-cü ildə Yardımlı rayonunda anadan olmuşdur.

O, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnsitutunu bitirmişdir. Əmək fəaliyyətinə Rabitə Nazirliyində başlamış və özəl sektorda davam etmişdir. Əmək fəaliyyəti marketinq, maliyyə, istehsalat kimi çeşidli sahələri əhatə edir.

2001-ci ildə “Azərbaycan Respublikasında birbaşa vergilər və onların təkmilləşdirilməsi yolları” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsəsi almışdır, O, keyfiyyət üzrə menecer, ACCA DipİFR, E-auditor, Sərbəst auditor sahəsində ixtisaslaşmışdır.

2008-ci ildən etibarən vergi orqanlarında çalışmış, 2016-cı ilədək Dövlət Vergi Xidmətinin iqtisadi təhlil, bəyannamələrin kameral yoxlanması, xüsusi vergi rejimli müəssisələrin auditi sahələrində fəaliyyət göstərmişdir. 2016-ci ilin əvvəlindən həmin ilin iyun ayınadək E-audit şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

2016-cı ilin iyun ayından Vergilər Nazirliyinin Tədris Mərkəzinin vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi vəzifəsində işləmişdir.

O, Tədris Mərkəzində və respublikamızın bir sıra ali təhsil müəssisələrində pedaqoq kimi fəaliyyət göstərmiş, öz professional biliklərini gənc nəslə, vergi orqanları əməkdaşlarına çatdırmışdır.

Vergilərlə bağlı ölkəmizdə və dünyanın müxtəlif ölkələrində keçirilmiş çoxsaylı seminar və təlimlərdə iştirak etmiş, müvafiq sertifikatlar əldə etmişdir.

Onun elmi-yaradıcılıq əsərləri iqtisadi təsir qüvvəsinə malik olub, bu sahədə biliklərin öyrənilməsini təlqin etmiş və onun mənəvi ruhu gənc nəslin vətənpərvərlik istiqamətində tərbiyəsində əhəmiyyətli rol oynamışdır. Malik Əkbərov ölkəmizin hüdudlarından uzaqlarda da tatınmış, onun əsərlərinin bir qismi xarici ölkələrdəki mötəbər nəşrlərdə çap etdirilmişdir.

Malik Əkbərovun əziz xatirəsi onu tanıyanların, Dövlət Vergi Xidmətinin və Tədris Mərkəzinin əməkdaşlarının qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

Tədris Mərkəzinin kollektivi adından