XƏBƏRLƏR

DVX-nin Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

   Müasir dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində kiçik və orta sahibkarlıq fəaliyyəti iqtisadi artımın və məşğulluğun təmin edilməsinin həlledici amillərindən biri sayılır. Azərbaycan Respublikasında da iqtisadiyyatın diversifikasiyası, məşğulluğun təmin edilməsi, istehlak mallarına olan tələbatın yerli resurslar hesabına ödənilməsi baxımından bu sahənin inkişafı xüsusi əhəmiyyət kəsb edir və davamlı iqtisadi inkişafın təmin edilməsində onun əsas hərəkətverici amilə çevrilməsi qarşıda duran əsas çağırışlardan sayılır. Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi ölkəmizdə bu sahədə həyata keçirilən fəaliyyətə dəstək məqsədi ilə Rusiya Federasiyası Zabaykal Dövlət Universitetinin Ali İqtisad Məktəbinin direktoru, “Tenevaya Ekonomika” elmi-praktik jurnalının baş redaktoru, iqtisad elmləri doktoru, professor Vitaliy Burovun təmsil etdiyi elm-tədris qurumları ilə birgə əməkdaşlıq çərçivəsində Rusiya Federasiyasının Çita şəhərində 9 iyul 2020-ci il tarixdə onlayn rejimdə Zabaykal vilayətinin Qanunvericilik Məclisi, İqtisadi inkişaf nazirliyi, Sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkili, Zabaykal Dövlət Universitetinin “İqtisadiyyat, idarəetmə və sahibkarlıq ali məktəbi” elmi tədqiqat institutu, iqtisadiyyat və idarəetmə fakültəsi tərəfindən “Kiçik sahibkarlığın iqtisadi məktəbi: dövlətin kölgə iqtisadiyyatına qarşı mübarizə sisteminin yaranması və inkişafinın nəzəri və təcrübi əsasları” elmi məktəbinin “Cəmiyyət yeni çağırışlar şəraitində” mövzusunda keçirilmiş 11-ci beynəlxalq elmi-praktik konfransda birgə təşkilatçı qismində iştirak etmişdir. Xüsusi proqram vasitəsi ilə konfransa beş ölkəni: respublikamız da daxil olmaqla, Rusiya, Çin, Tayland və Özbəkistanı təmsil edən 100-ə yaxın tədqiqatçı, o cümlədən 12 nəfəri elmlər doktoru olan 50-yə yaxın alim qoşulmuşdur. Konfransda iqtisadi böhran şəraitində inkişaf, biznesin vəziyyəti, sahibkarlığa dövlət dəstəyi, vergi sisteminin transformasiyası, kölgə iqtisadiyyatı, onun miqyasının müəyyən edilməsi, bu sahədə beynəlxalq təcrübə, aparılan elmi-nəzəri tədqiqatlar və digər aktual mövzular üzrə müzakirələr aparılmışdır.
Tədris Mərkəzi tərəfindən konfransda “Pandemiya dövründə Azərbaycan Respublikasında iqtisadi sabitliyin təmin edilməsində kölgə iqtisadiyyatı ilə mübarizənin aparılmasının rolu" mövzusunda məruzə ilə çıxış edilmişdir. Məruzədə son illərdə Azərbaycanda kölgə iqtisadiyyatı ilə aparılan mübarizə tədbirləri, bu sahədə əldə olunmuş müsbət nəticələr və bunun dövlət büdcəsinə daxil olmaların artmasına təsiri barədə məlumat verilmişdir. Məruzədə həmçinin Azərbaycan dövlətinin pandemiya şəraitində həyata keçirdiyi kompleks tədbirlər çərçivəsində əhalinin az təminatlı hissəsinə göstərilən maliyyə yardımı, iqtisadi cəhətdən zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq fəaliyyətinin subyektlərinə təqdim olunan dəstək mexanizmləri, o cümlədən vergi qanunvericiliyinə bu istiqamətdə edilən dəyişikliklər, habelə vergi güzəştləri, tətilləri və  s. bu kimi mühüm məsələlər öz əksini tapmışdır.
Tədris Mərkəzi tərəfindən karantin rejimi şəraitində bundan sonra da İKT-nin imkan verdiyi üsullar şəklində beynəlxalq bilik və təcrübənin öyrənilməsi sahəsində işlərin görülməsinin davam etdirilməsi planlaşdırılır.