XƏBƏRLƏR

İxtisas (fəaliyyət) sahəsi üzrə ixtisasartırma kursu başa çatdı

Vergilər Nazirliyinin ixtisas (fəaliyyət) sahəsi üzrə təlim kursunun təşkili və keçirilməsi barədə müvafiq əmrinə əsasən Tədris Mərkəzinin Şamaxı şəhərində yerləşən inzibati binasında 28 oktyabr 2019-cu il tarixdən 4 dekabr 2019-cu il tarixədək olan müddətdə dövlət vergi orqanlarının vəzifəli şəxsləri üçün ənənəvi təhsil sistemi tətbiq edilməklə ixtisasartırma kursu təşkil edilib.

Təlimə bəyannamələrin təhlili, kameral yoxlanılması və iqtisadi təhlil sahələrində fəaliyyət göstərən və sosial sığorta ödənişlərinə nəzarət edən 12 nəfər əməkdaş cəlb edilib.

Təlim zamanı vergi qanunvericiliyinin tətbiqinin hüquqi aspektləri, hüquqi və fiziki şəxslərin vergiyə cəlb edilməsi, vergi inzibatçılığının tətbiqinin sahə xüsusiyyətləri, ümumiqtisadi mövzular, milli mühasibat uçotu, sosial sığorta və işsizlik sığortası üzrə  qanunvericilik, idarəetmə sahəsi üzrə mövzular, “Microsoft Office” proqramları, hüquqi mövzular, vergi orqanlarında xidmətkeçmə, AVİS-in müvafiq alt sistemlərindən istifadə qaydaları ilə əlaqədar mövzular tədris olunub. Təlimə 178 tədris saatı ayrılıb. Bunlardan 120 saatı (67,4%) Tədris Mərkəzinin əməkdaşları, 48 saatı (27%) Vergilər Nazirliyinin və aidiyyəti strukturların vergi inzibatçılığı və AVİS-in müvafiq alt sistemlərindən istifadə qaydalarını tədris edən əməkdaşları və 10 saatı (5,6%) kənardan cəlb edilmiş mütəxəssislər tərəfindən tədris edilib.

Kursun yekunu üzrə, 4 dekabr 2019-cu il tarixdə AVİS-də real vaxt rejimdə test üsulu ilə imtahan keçirilib. Qiymətləndirmə prosesində iştirak etmiş 12 əməkdaşdan 8 nəfər “yaxşı” (81-90% – 66,7%), 3 nəfər “kafi” (70-80% - 25%) və 1 nəfər isə “qeyri-kafi” qiymət alıb.

Qeyd edək ki, Azərbaycan Respublikası vergilər nazirinin 13.05.2016-cı il tarixli 1617040100681200 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığının təşkili Qaydaları”nın 5.4.10-cu bəndinə əsasən proqramın sonuncu təlim bloku üzrə qiymətləndirmədə 70%-dən aşağı nəticə göstərən əməkdaşa 1 ay sonra bir dəfə təkrar imtahanda iştirak etmək hüququ verilir.

Qrupun ilkin sınaq qiymətləndirməsi üzrə orta nəticəsi 57,8%, yekun qiymətləndirmə üzrə orta nəticəsi 80,2%, ümumilikdə artım fərqi +22,4 bənd olub.

İmtahanların nəticələri protokollaşdırılıb.