XƏBƏRLƏR

Tədris Mərkəzində “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsinin öyrənilməsi üzrə işçi qaydasında tədbir keçirilmişdir

16 noyabr 2019-cu il tarixdə Vergilər Nazirliyinin Tədris Mərkəzində “Vergi qanunvericiliyinin tədrisi” və “Elm, innovasiya və əməkdaşlıq” şöbələri birlikdə  “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında”  Qanun layihəsinin öyrənilməsi üzrə işçi qaydasında tədbir keçirmişdir.

   Tədris Mərkəzinin rəisi Şahin Bağırov giriş sözündə tədbirin keçirilməsində əsas məqsədin qeyd olunan Qanun layihəsinin müddəalarının dərindən öyrənilməsi və qəbul edilməsindən sonra tədris prosesində onun səmərəli surətdə tətbiqinə nail olmaqdan ibarət olduğunu qeyd etmişdir.

   Məruzə ilə çıxış edən Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi Malik Əkbərov Qanun layihəsinin əhatə etdiyi dəyişikliklərin əsas istiqamətləri, təklif edilən maddələrin məzmun baxımından təsnifatının aparılması barədə ümumi məlumat vermişdir.

   Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev çıxışını, əsas etibarı ilə, Qanun layihəsinin ayrı-ayrı normalarının təhlili üzərində qurmuşdur.

Tədbir elmi diskussiya şəraitində keçmiş, Mərkəzin Tədris və metodika şöbəsinin rəisi Ramiz Məhərrəmov, İqtisadiyyat və idarəetmənin tədrisi şöbəsinin rəisi İmran Qarayev, həmin şöbənin dosenti Qalib Tanrıverdiyev, Vergi inzibatçılığının tədrisi şöbəsinin əməkdaşları Fariz Yadigarov, Zahir Babayev  və qeyriləri Qanun layihəsinin ayrı-ayrı maddələri üzrə öz mülahizələrini bildirmişlər.

Tədbirə yekun vuran Tədris Mərkəzinin rəisi Şahin Bağırov qeyd olunan Qanun layihəsinin müddəalarının əməkdaşlar tərəfindən mənimsənilməsi işinin davam etdirilməsini, zəruri hallarda bu sahədə Vergilər Nazirliyinin müvafiq strukturlarının köməyindən istifadə olunmasını, Qanun layihəsi qəbul olunduqdan sonra isə Tədris Mərkəzində dəyişikliklərin istiqamətlərinə uyğun şəkildə təlimlərin təşkil edilməsini,  sillabuslarda  müvafiq qaydada nəzərə alınmasını tövsiyə etmişdir.