gallery6

Vergilər Nazirliyinin nümayəndəsi beynəlxalq konfransda iştirak edib

01.11.2019

Gürcüstanın paytaxtı Tbilisi şəhərində "Korrupsiyaya qarşı mübarizə problemləri" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Maks Plank adına Beynəlxalq Cinayət Hüququ İnstitutunun təşkil etdiyi konfransda Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin Apelyasiya Palatasının rəhbəri, professor Aniya Uşaçka, Beynəlxalq cinayət hüququ assosasiyasının vitse-prezidenti Peter Vilkitçki və digər hüquqşünasların, alimlərin məruzələri dinlənilib.

Beynəlxalq tədbirdə Azərbaycanı Bakı Dövlət Universitetinin professoru Kamil Səlimov və Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov təmsil ediblər. Konfransda çıxış edən M.Kazımov korrupsiyanın iqtisadi təhlükəsizlik üçün doğurduğu problemlər, bank sektorunda baş verən maliyyə cinayətləri, korrupsiya ilə mübarizə sahəsində preventiv və profilaktik tədbirlərin görülməsi istiqamətində ASAN Xidmət modeli haqda fikirlərini bölüşüb.

Konfrans çərçivəsində Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Maks Plank şəbəkəsi arasında iki tərəfli münasibətlərin qurulması, birgə tədbirlərin keçirilməsi, Vergilər Nazirliyinin Tədris Mərkəzi əməkdaşlarının Maks Plank adına Vergi hüququ İnstitutunda təcrübəyə cəlb olunması məsələləri müzakirə edilib.