gallery6

Kadr potensialının gücləndirilməsi məqsədilə görüş keçirilib

16.10.2019

 

16 oktyabr 2019-cu il tarixdə Vergilər Nazirliyinin Tədris Mərkəzində kadr potensialının gücləndirilməsi və fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi ilə bağlı görüş keçirilib. Görüşdə vergilər nazirinin müşaviri Hidayət Sultanov, İnsan resursları baş idarəsinin rəis müavini Nərgiz Muradova, Mərkəzinin rəisinin səlahiyyətlərini icra edən Şahin Bağırov, Mərkəzin rəisinin birinci müavini Ceyhun Mehdiyev və İnsan resursları baş idarəsinin Təhsil və inkişaf şöbəsinin rəisi İlkin Rəhimov və baş mütəxəssisi Vahid Məsimov iştirak etmişlər.

Görüş zamanı Vergilər Nazirliyinin dövlət vergi orqanlarının qarşısında dayanan məqsəd və tapşırıqlara yüksək səviyyədə nail olunması məqsədilə insan resurslarının potensialının artırılması istiqamətində gördüyü işlərdən və hazırda da bu cür tədbirlərin davam etdirilməsi ilə əlaqədar qarşıya qoyulmuş tapşırıqlardan danışılıb, Nazirliyin cari və perspektiv vəzifə və hədəflərinin içərisində insan resurslarının inkişafının ayrıca və ən önəmli hədəf olduğu bildirilib.

Görüşdə Vergilər Nazirliyində insan resurslarının inkişafı və strateji istiqamətləri müzakirə edilib. Qeyd edilmişdir ki, vergi işçilərinin bilik və bacarıqlarının fasiləsiz təmin edilməsi və bu sahədə baş verən yeniliklərə uyğunlaşdırılması məqsədilə Tədris Mərkəzində mühüm işlər həyata keçirilmiş və bu sahədə səmərəliyinin artırılması ilə əlaqədar fasiləsiz olaraq tədbirlər həyata keçirilir.

Həyata keçirilən islahatlar hazırda Mərkəzin fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün qarşıya yeni vəzifələr qoyur. Aparılan araşdırmalar və praktiki müşahidələr göstərir ki, təlim tələbatlarının öyrənilməsi və onun əsasında tədrisin həyata keçirilməsi həlledici amillərdən birinə çevrilib. Təlim tələbatı daim olaraq dinamik xarakter daşıyır. Ona görə də tələbatın öyrənilməsi vergi orqanlarının əməkdaşlarının inkişaf strategiyasına uyğun  həyata keçirilməlidir.

Qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsi üçün fəaliyyətinin aşağıdakı istiqamətlərdə qurulması tövsiyə edilib:

  • Tələbata uyğun tədris qabiliyyətinə malik təlimçilərin müəyyən edilməsi və hazırlanması;
  • Təlimçilərin təlimlərinin həyata keçirilməsi və onların gələcəkdə təkmilləşdirilməsi istiqamətlərinin müəyyən edilməsi;
  • Müasir informasiya texnologiyalarından istifadə etməklə E-təlim sisteminin təkmilləşdirilməsi;
  • Əməkdaşların peşəkarlığının fasiləsiz olaraq artırılması, bilik və bacarıqlarının mütəmadi olaraq təkmilləşdirilməsi;
  • Keçirilmiş təlimlərin qarşıya qoyulmuş məqsədlərə çatması səviyyəsinin və təlimlərdən əldə edilmiş faydanın müəyyən edilməsi üçün təlimlərin nəticələrinin qiymətləndirilməsinin təkmilləşdirilməsi.