XƏBƏRLƏR

Tədris Mərkəzinin əməkdaşı İsmayıllıda maliyyə savadlılığının artırılması mövzusunda seminarda iştirak edib

İsmayıllı rayonunun Heydər Əliyev Mərkəzində keçirilən seminar 16 may 2019-cu il tarixdə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq təşkil olunub.

Rayon icra hakimiyyətinin başçısı, professor Mirdaməd Sadıqov bu tip maarifləndirici tədbirlərin iqtisadi, maliyyə, kommersiya, biznes qurumlarının fəaliyyətinə savadlılıq, müasirlik gətirdiyini, o cümlədən idarəetmə imkanlarını artırdığını qeyd edib. İqtisadiyyatın müxtəlif istiqamətlərini əhatə edən seminar, treyninq və elmi konfransların rayonun sosial-iqtisadi inkişaf tempini və keyfiyyətini artırdığını bildirib.

Seminarda UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, professor Əvəz Ələkbərov “Maliyyə savadlılığın artırılması” mövzusunda çıxış edib. Ölkə başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması”nın ayrıca strateji hədəf kimi qeyd olunduğunu diqqətə çatdıran professor Ə.Ələkbərov  həmin sənədin müvafiq qurumlar, o cümlədən ali təhsil müəssisələri qarısında strateji vəzifələr qoyduğunu vurğulayıb.

UNEC-in “Mühasibat uçotu və audit” kafedrasının müdiri, professor Sifariz Səbzəliyev iştirakçılara “Yeni mühasibat standartları” barədə ətraflı məlumat verib, yeni standartların ölkədə tətbiqinin əhəmiyyətindən danışıb. Professor ölkəmizdə sahibkarlığın genişləndirilməsi və iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən özəl sektorun dəstəklənməsi, sahibkarların hüquq və mənafelərinin qorunması sahəsində yeni iqtisadi şəraitə uyğun islahatların aparıldığını, bu sahənin inkişafı üçün beynəlxalq təcrübə nəzərə alınmaqla müasir çağırışlara cavab verən mexanizmlərin tətbiq edildiyini bildirib.

Seminarda Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin şöbə rəisi, dosent Ramiz Məhərrəmov “Azərbaycan Respublikasında vergi islahatları çərçivəsində edilən dəyişikliklər, görüləcək işlər, vergi orqanları və sahibkarların birgə fəaliyyəti. Vergi inzibatçılığında yeni elektron texnologiyalarının tətbiqi imkanları” mövzusunda çıxış edib.

100-dən çox kiçik və orta sahibkarlıq subyektinin iştirak etdiyi seminar müzakirələrlə davam edib.