XƏBƏRLƏR

Sumqayıt Dövlət Universitetinin tələbələri Tədris Mərkəzi ilə tanış olub

Sumqayıt Dövlət Universitetinin Vergilər Nazirliyinin Tədris Mərkəzi arasında birgə təhsil, elmi-tədqiqat sahələri üzrə qarşılıqlı əlaqələrin yaradılması və inkişaf etdirilməsi, iqtisadyönümlü ixtisaslar üzrə bakalavr səviyyəsində təhsil alanların istehsalat və magistrantların elmi-tədqiqat təcrübələrinin təşkili, təlim və kursların keçirilməsi, professor-müəllim heyətinə elmi-tədqiqat işlərinin aparılması üçün müvafiq şəraitin yaradılması, birgə tədbirlərin, o cümlədən, ekskursiyaların, treninqlərin, seminar, dəyirmi masa, konfrans və forumların təşkili, dərs vəsaitinin, monoqrafiyaların hazırlanması üzrə əməkdaşlıq müqaviləsi çərçivəsində Mərkəzin Şamaxıda yerləşən inzibati binasına tələbələrin tanışlıq xarakterli ekskursiyası təşkil edilmişdir.

Ekskursiyada Universitetin İqtisadiyyat və idarəetmə fakultəsinin dekanı Aynurə Yəhyayaeva, dekan müavini Sədaqət Əliyeva, Maliyyə və mühasibat uçotu kafedrasının müdiri, dosent Loğman Abdullayev, baş müəllim Bəxtiyar Davudov iştirak edib.

Tədris Mərkəzinin Tədris və metodika şöbəsinin rəisi Ramiz Məhərrəmov tələbələrə Mərkəzin yaranması və fəaliyyəti barədə məlumat verib, onları Mərkəzin inzibati binası, vergi muzeyi ilə yaxından tanış edib, Azərbaycanın vergi sisteminin tarixi inkişafı, son zamanlar vergi sistemində həyata keçirilən islahatlar, Vergi Məcəlləsində edilmiş dəyişikliklərinin zəruriliyi və əhəmiyyəti, növbəti mərhələ kimi vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində ararılan islahatlar barədə danışıb, tələbələri maraqlandıran suallara cavab verib.