gallery6

Vergi qanunvericiliyinin tətbiqi ilə bağlı məlumatlandırma tədbirləri keçirilib

17.12.2018

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında 2019-cu ildə ediləcək dəyişikliklər üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək məqsədilə vergilər nazirinin müvafiq əmri ilə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında ediləcək dəyişikliklərlə əlaqədar görüləcək işlər barədə Tədbirlər Planı” təsdiq edilib.

Tədbirlər Planının icrasının təmin edilməsi məqsədilə vergi qanunvericiliyində baş verən dəyişikliklərlə bağlı vergi orqanları əməkdaşlarının maarifləndirilməsi məqsədilə Tədris Mərkəzinin əməkdaşları Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinə, ərazi vergi departamentlərinə və ərazi vergi orqanlarına ezam edilib. Rayon Vergilər Şöbələrinin əməkdaşları da yerləşdiyi ərazilər üzrə vergi orqanlarında tədbirlərdə iştirak edib.

Təlimlərdə dövlətin büdcə-vergi siyasətinin əsas istiqamətləri, kölgə iqtisadiyyatının azaldılması, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək və onların fəaliyyətinin təşviqi, vergi uçotunun təkmilləşdirilməsi, vergi mədəniyyətinin yüksəldilməsi, vergi inzibatçılığının səmərəliliyinin artırılması və vergitutma obyektlərinin dəqiq müəyyən edilməsi baxımından məlumat bazasının yaradılması ilə əlaqədar məlumatlar vergi qanunvericiliyində baş verən dəyişikliklərlə əlaqələndirilib, bu dəyişikliklərin digər normativ-hüquqi aktlarla əlaqəsi araşdırılıb və aparılmış dəyişikliklərdən irəli gələn suallar ətrafında müzakirələr aparılıb.

Ümumilikdə, təlimlərdə 1124 nəfər vergi orqanı əməkdaşı iştirak edib.