gallery6

«E-Commerce 1.0» forumu keçirilib

08.12.2018

Dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin «İNNOLAND» İnkubasiya və Akselerasiya Mərkəzi və Azərbaycanın ilk onlayn ticarət mərkəzi olan «Shop.az»ın birgə təşkilatçılığı ilə keçirilmiş forumda dövlət nümayəndələrini, pərakəndə satış və çatdırılma şirkətlərini, marketinq agentliklərini, ödəmə platformalarını və digər e-ticarət sektorunun nümayəndələri iştirak ediblər. E-ticarət sahəsində davamlı inkişaf üçün konstruktiv həll yollarının müzakirə edildiyi tədbirdə elektron ticarət sahəsində nailiyyətlər əldə etmiş «Hepsiburada.com», «Alibaba.com» kimi irimiqyaslı layihələrin nümayəndələri və digər xarici iştirakçılar öz təcrübələrini bölüşüblər.

İNNOLAND-ın rəhbəri Məmməd Kərimov bildirib ki, innovasiyalar ekosisteminin bütün komponentlərini özündə birləşdirən «İNNOLAND» İnkubasiya və Akselerasiya Mərkəzi Azərbaycanda, eyni zamanda onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün geniş araşdırmalar aparır. Bu istiqamətdə mühüm hədəflərdən biri elektron xidmətləri və e-ticarəti stimullaşdırmaqdır.

Tədbirdə iştirak edən Vergilər Nazirliyinin nümayəndələri Mirəli Kazımov və Elnur Qəhrəmanov Vergi Məcəlləsinə edilən son dəyişikliklər və vergi qanunvericiliyində elektron ticarətlə bağlı nəzərdə tutulmuş tənzimləmələr barədə məlumat veriblər. Nazirliyin nümayəndələrinin çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb və iş adamlarını narahat edən suallar cavablandırılıb.