gallery6

Azərbaycan Universitetinin tələbələri üçün praktiki seminar keçirilmişdir.

28.11.2018

Vergilər Nazirliyinin Tədris Mərkəzinin əməkdaşları tərəfindən Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin maliyyə, mühasibat uçotu və audit ixtisasları üzrə təhsil alan tələbələr üçün növbəti təlim keçirilib.

Tədbiri giriş sözü ilə Biznes və iqtisadiyyat fakültəsinin dekanı Əli Həsənov açaraq təlimin mövzusu haqqında məlumat verib və qonaqları təqdim edib. Dekan bildirib ki, “Mühasibat uçotu haqqında Qanun”a edilən köklü dəyişikliklər bu sahəyə ciddi yeniliklər gətirib. Beynəlxalq mühasibət uçotu standartlarına keçid başlayıb. Təlimin birinci hissəsi dəyişikliklərin izahına həsr olunur. İkinci hissədə isə tələbələr həm iş, həm də sosial həyatda olduqca vacib məsələlərdən olan vaxtın idarə edilməsinin əsasları ilə tanış olacaqlar.

Tədris Mərkəzinin İqtisadiyyat və menecment kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Qalib Tanrıverdiyevin apardığı “Mühasibat uçotu haqqında qanunda dəyişikliklər və bu dəyişikliklərin vergi məqsədləri üçün tətbiqi” mühazirəsi bu sahədə aparılan islahatların zəruriliyi, islahatların mərhələləri, Mühasibat uçotu haqqında Qanunda dəyişikliklər, Qanunun ümumi strukturu və əsas dəyişikliklər, Qanunun əsas anlayışları, Mühasibat uçotu sahəsində tənzimlənmə və nəzarət, Azərbaycan Respublikasında tətbiq edilən mühasibat uçotu standartları, peşəkar mühasib sertifikatının verilməsi, mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə məsuliyyət mövzularını əhatə edib.

Təlimin ikinci hissəsində isə iştirakçılar Mərkəzin İqtisadiyyat və menecment kafedrasının baş müəllimi Anar Mirzəyevin “İş bölgüsü prosesində vaxtın idarə edilməsi” mövzusunda mühazirəsinə qulaq asıblar. Mühazirədə vaxtın ölçülməsi, Lotar Zayvertin “Faydalı iş” düsturu, faydalı iş vaxtı, vaxtın idarə edilməsinin əhəmiyyəti, vaxtın idarə edilməsinin mərhələləri, məqsədqoymada “SMART” texnologiyası, prioritetlərin müəyyən edilməsində “Eyzenhauer prinsipi”, işlərin planlaşdırılması alətləri, vaxtın planlaşdırılmasının qızıl qaydaları, sənədlərlə iş üçün tövsiyələr, səlahiyyətlərin ötürülməsi, iş gününün təhlili, vaxt çatışmazlığının əsas səbəbləri, təxirəsalmanın aradan qaldırılması yolları və bu kimi anlayışlara aydınlıq gətirilib.