XƏBƏRLƏR

Vergilər Nazirliyinin Tədris Mərkəzinin nümayəndələri Rusiyada səfərdə olublar

Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Fərhad Əmirbəyov və  Mərkəzin Elmi-tədqiqat işləri üzrə rəis müavini Mirəli Kazımov 25 oktyabr 2018-ci il tarixində  Rusiya Federasiyası Hökuməti nəzdində Maliyyə Univesitetində işgüzar səfərdə olmuşlar. Bu səfər zamanı bir sıra görüşlər keçirilmişdir. Görüşdə Universitetin rektoru Eskindarov Mixail Abduraxmanoviç, birinci prorektor Markina Yelena Valentinovna, Təhsil Proqramlarının inkişafı üzrə prorektor Kameneva Yekaterina Anatolyevna, prorektor Komarov Serqey  Alekseyeviç, Əlavə peşə təhsili üzrə prorektor Didenko Yelena Aleksandrovna və  “Risklərin təhlili və iqtisadi təhlükəsizlik” fakültəsinin dekanı, professor Avdiyskiy Vladimir İvanoviç  də iştirak etmişlər.

Daha sonra Universitetin "Vergi siyasəti və gömrük-tarif tənzimlənməsi" şöbəsinin  və “Vergi və vergiqoyma” kafedrasının əməkdaşları ilə də görüşlər keçirilmişdir. Bu görüş çərçivəsində təlim-tədris və elmi-tədqiqat sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin nümayəndə heyəti , eyni zamanda oktyabrın 26-27-də Moskvada Rusiya hökuməti yanında Maliyyə Akademiyasının təşkilatçılığı ilə keçirilmiş beynəlxalq elmi-praktik konfransda da iştirak etmişlər. MDB və Şərqi Avropa ölkələrinin vergi və maliyyə oqranlarının təmsilçilərinin qatıldığı tədbirdə vergi və maliyyə sistemində risklər,  təhlükəsizlik və nəzarət imkanları barədə təqdimatlar keçirilmişdir.

Konfransda Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Fərhad Əmirbəyov «Təhsil və kadrların yenidən hazırlanmasının aspektləri və gələcəyə baxış»,  Mərkəzin rəis müavini Mirəli Kazımov isə «Korrupsiyaya qarşı mübarizənin hüquqi aspektləri: maliyyə terrorizminin qarşısının alınması» mövzusunda çıxış etmişlər.

Konfrans çərçivəsində nümayəndə heyəti bir sıra görüşlərdə də iştirak etmişlər. Rusiya hökuməti yanında Maliyyə Akademiyasının rəhbərliyi ilə keçirilən görüşdə ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı memorandumun imzalanması barədə razılıq əldə olunmuşdur. Konfransın sonunda məruzəçilərə müvafiq sertifikatlar təqdim olunmuşdur.

Konfransdan sonra Azərbaycan nümayəndə heyəti Sankt-Peterburq şəhərinə səfər etmişlər. 28-31.10.2018-сi il tarixlərində Sank-Peterburq şəhərinə ezamiyyə çərçivəsində Tədris Mərkəzinin rəisi Fərhad Əmirbəyovun, Elmi-tədqiqat işləri üzrə rəis müavini Mirəli Kazımovun və Vergi metodologiyası kafedrasının müdiri Malik Əkbərovun Rusiya Federasiyasının Federal Vergi Xidmətinin Sankt-Peterburq şəhəri üzrə Federal Vergi Xidməti İdarəsinin, eyni zamanda Şimal-Qərb ixtisasartırma institutunun rəhbərliyi və əməkdaşları ilə görüşləri keçirilmişdir. Görüşlərdə  Sankt-Peterburq şəhəri üzrə Federal Vergi Xidməti İdarəsinin fəaliyyəti, Rusiyada vergi qanunvericiliyinin  cari vəziyyəti və gələcək inkişaf perspektivləri, vergi nəzarətinin təşkili və risklərin analizi, Şimal-Qərb ixtisasartırma institutunun fəaliyyətinin təşkili və həyata keçirilməsi, təlim tələbatlarının öyrənilməsi və qarşılanması sahəsində mövcud təcrübələr barədə təqdimatlar dinlənilmişdir. Daha sonra, əməkdaşlarımız vergi işçilərinin tədris və təlim üzrə yenidən hazırlıq kurslarının fəaliyyəti, eləcə də Sankt-Peterburqun vergi xidməti terminalı ilə yaxından tanış olmuşlar. 

Görüşdə çıxış edən Tədris Mərkəzinin rəisi Fərhad Əmirbəyov son dövrlərdə Azərbaycan Respublikasının vergi sistemində aparılan islahatlar barədə ətraflı məlumat vermiş, fiskal orqanlar arasında əməkdaşlığın gücləndirilməsi və vergi nəzarətinin artırılması sahəsində tətbiq edilən yeni yanaşmalar barədə öz fikirlərini bildirmişdir. Müzakirələr zamanı belə bir ortaq fikir ifadə olunmuşdur ki, MDB dövlətlərinin vergi orqanları arasında əməkdaşlıq daha da gücləndrilməli, belə görüşlərin səmərəliliyinin artırılması üçün  əlaqələr mütəmadi xarakter daşımalı, vergi eksperlərinin davamlı və operativ fikir mübadiləsi aparmaları  üçün format müəyyən edilərək, rəhbərliklər tərəfindən dəstəklənməlidir. Fikir mübadiləsi zamanı MDB dövlətlərinin vergi orqanları arasında əməkdaşlığın gücləndirilməsi üçün  Regional Fiskal Tədqiqatlar və Təhsil Mərkəzinin yaradılması ideyası barədə də məlumat verilmiş, belə bir mərkəzin vergi orqanlarının qarşılaşdıqları bugünkü çağrışlara cavab verməsində oynaya biləcəyi rol barədə fikirlər səsləndirilmişdir.