gallery6

«Vergi və gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi» mövzusunda birgə seminar keçirilib

03.11.2018

2 noyabr 2018-ci il tarixdə Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində " Vergi və gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi baxımından beynəlxalq təcrübə" mövzusunda birgə seminar təşkil olunub.
Seminarda Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin müxtəlif qurumlarının əməkdaşları iştirak edib.


Tədbirin açılışında çıxış edən Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Fərhad Əmirbəyov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncamı əsasında idxal-ixrac əməliyyatları üzrə Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən birgə nəzarət mexanizmlərini təmin etmək məqsədilə tədbirlər planı hazırlanaraq təsdiq edilib. Vurğulanıb ki, iki qurumun fəaliyyətinin əlaqələndirilməsi baxımından beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə əməkdaşların bilik və bacarıqlarının artırılması üzrə seminarların, təlimlərin təşkil edilməsi nəzərdə tutulmuşdur. Bu seminarın keçirilməsində əsas məqsəd, bir tərəfdən  vergi və gömrük orqanları arasında gələcək birgə əməkdaşlıq əlaqələrinin qurulması, digər tərəfdən isə idxal-ixrac əməliyyatlarına birgə nəzarət mexanizmininın perspektivlərini nəzərdən keçirməkdən ibarətdir.

 
Dövlət Gömrük Komitəsi Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev ölkə iqtisadiyyatının inkişafına, beynəlxalq ticarətin sürətli, şəffaf və maneəsiz şəkildə həyata keçirilməsinə töhfə verəcək bu əməkdaşlığı daha da gücləndirmək baxımından seminarın mühüm əhəmiyyət daşıdığını bildirib, anoloji tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini qeyd edib. O bildirilib ki, gömrük və vergi orqanları arasında səmərəli əməkdaşlığın və effektiv məlumat mübadiləsinin aparılması xarici ticarət fəaliyyətilə məşğul olan şəxslər üçün ticarət prosesinin sadələşdirilməsini və daha ümdə görüləcək işlərin planlaşdırılmasınıtəmin edəcək. Bundan əlavə, iki orqan arasında əməkdaşlıq vergidən yayınma hallarının qarşısının alınmasına, maliyyə intizamının gücləndirilməsinə münbit şərait yaradacaq.


Seminarda beynəlxalq təcrübədə vergi və gömrük orqanları arasında informasiya mübadiləsinin formaları və xüsusiyyətləri, struktur vahidləri arasında informasiya mübadiləsinin həyata keçirilməsi və onların təhlili, vergi və gömrük orqanları arasında əməkdaşlığın beynəlxalq hüquqi aspektləri mövzularında müzakirələr aparılıb.


Dövlət Gömrük Komitəsi Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev "Gömrük və vergi orqanlarının fəaliyyətinin əlaqələndirilməsi", işçi qrupunun rəhbəri İmran Qarayev "İdxal-ixrac əməliyyatlarına birgə nəzarətin beynəlxaq təcrübəsi", Türkiyənin Azərbaycandakı gömrük müşaviri Əsər Çəngəl "Türkiyədə idxal-ixrac əməliyyatlarına birgə nəzarətdə gömrük və vergi orqanlarının rolu", Dövlət Gömrük Komitəsi Gömrük Risklərinin İdarə olunması və Audit Baş İdarəsinin rəisi Fərid Əliyev "Gömrük və vergi orqanlarının fəaliyyətinin əlaqələndirilməsi" mövzularında təqdimatlarla çıxış ediblər.


Noyabrın 3-də başa çatan seminarda Vergilər Nazirliyinin Tədris Mərkəzinin müəllimləri Orxan Balayevin və Tural Abbasovun "Serbiya, Rusiya Federasiyası, Cənubi Koreya təcrübəsi", eləcə də "Birləşmiş Krallıq, Finlandiya, ABŞ, AB Gömrük İttifaqı və İspaniya təcrübəsi" mövzularında təqdimatlarla çıxış ediblər.