XƏBƏRLƏR

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları üçün təlim keçirilib

Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Nazirliyin strukturuna daxil olan idarə və təşkilatlarının əməkdaşları üçün 21-23 iyun 2018-ci il tarixlərdə Tədris Mərkəzinin inzibati binasında “Vergi qanunvericiliyinin tətbiqi” mövzusunda təlim keçirilib.

Təlimin keçirilməsində əsas məqsəd Vergi Məcəlləsinə edilmiş son əlavə və dəyişikliklərin şərhi və bu sahədəki fəaliyyətdə vergi qanunvericiliyinin tətbiqi ilə bağlı meydana çıxan məsələlərin praktiki cəhətdən araşdırılması olub.

Təlimdə təlimçi qismində Tədris Mərkəzinin Vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedrasının müdiri Elbəyi Hüseynov, həmin kafedranın baş müəllimi Fariz Yadigarov, müəllimi Orxan Balayev və Vergi metodologiyası kafedrasının baş müəllimi Azər Mustafayev və dinləyici qismində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olan idarə və təşkilatların əməkdaşları (sektor müdirləri, baş mühasiblər, mühasiblər, iqtisadçı və mütəxəssislər) iştirak edib.  

Təlimdə “Azərbaycan Respublikası vergi qanunvericiliyi və vergi sistemi. Vergi Məcəlləsində istifadə edilən əsas anlayışlar”, “Vergilərin hesablanması və ödənilməsi üzrə ümumi qaydalar”, “Fiziki şəxslərin gəlir vergisi. Hüquqi şəxslərin mənfəət vergisi”, “Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr”,  “Əlavə dəyər vergisi”, “Əmlak və torpaq vergisi”, “Sadələşdirilmiş vergi”, “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, maliyyə sanksiyaları və faizlər. Şikayət verilməsi qaydası” kimi mövzular təqdim edilib. Təlimin sonunda qeyd olunan məsələlər üzrə praktiki suallar ətrafında geniş müzakirələr aparılıb.

Təlimin bütün iştirakçıları təlim prosesindəki müzakirələrdə və sual-cavablarda fəal iştirak edib.

Təlimçilərin mövzuları təqdim etmək, sualları cavablandırmaq, auditoriyanı idarəetmə bacarıqları və nümayiş etdirdikləri materiallar dinləyicilər tərəfindən yüksək qiymətləndirilib.

Təlimin sonunda dinləyicilərə sertifikatlar verilib.