XƏBƏRLƏR

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Azərbaycan Respublikası Auditorlar Palatası arasında müqavilə imzalanıb

28 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Azərbaycan Respublikası Auditorlar Palatası arasında əməkdaşlığa dair Müqavilə imzalanıb. Müqaviləni Tədris Mərkəzi adından Mərkəzin rəisi Fərhad Əmirbəyov Auditorlar Palatası adından Palatanın sədri Vahid Novruzov imzalayıb.

Bu müqavilə Tərəflər arasında birgə təlim, seminar və digər tədbirlərin keçirilməsi, mütəxəssislərin mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması, metodiki dəstək və digər sahələr üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması və  inkişafı məqsədi ilə imzalanıb.

Tərəflərin müqavilə üzrə vəzifələri aşağıdakılardan ibarətdir:

  •  Müqavilənin məqsədi ilə müəyyən edilmiş əsas sahələr üzrə perspektiv inkişaf istiqamətlərini müəyyən etmək və tərəflər üçün maraq kəsb edən sahələr üzrə elmi və metodiki əməkdaşlığın əsasının qoyulması;
  •  Tərəflərin birgə təşkilatçılığı və dəstəyi ilə vergilər, maliyyə, mühasibat uçotu və audit sahələrində birgə maarifləndirici tədbirlərin, təlim və seminarların keçirilməsi;
  •  Mühasibat uçotu, vergi inzibatçılığı və auditor fəaliyyəti sahələrində təhsil proqramlarının və layihələrinin ekspertizasının keçirilməsi;
  •  Auditorların ixtisasartırma imtahanlarının proqramlarının hazırlanması;
  •  Tərəflərin mütəxəssislərinin qüvvəsi ilə auditorların ümumi audit, sığorta təşkilatlarının auditi, qeyri-dövlət fondlarının və investisiya təsisatlarının auditi mövzuları üzrə ixtisasartırma təlimlərində müştərək iştirakının təmin edilməsi;
  •  Mühasiblərin və auditorların attestasiyası və sertifikatlaşdırılması üzrə beynəlxalq təcrübənin öyrənilməsi və yerli təcrübəyə uyğunlaşdırılması;
  •  Tərəflərin fəaliyyəti üzrə qarşılıqlı təbliğat və təşviqat işlərinin həyata keçirilməsi və Tərəflərin birgə iştirakı ilə keçirilən layihələr haqqında ictimaiyyətin məlumatlandırılması;
  •  Beynəlxalq maliyyə hesabatı standartlarının və beynəlxalq audit standartlarının öyrədilməsi üzrə işlərin təşkil edilməsi;
  •  Tərəflərin fəaliyyət göstərdiyi əlaqəli sahələr üzrə birgə tədris proqramlarının hazırlanması və tədris kurslarının keçirilməsi;
  •  Hər iki Tərəfin iştirakı və təşkilatçılığı ilə yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin, o cümlədən seminarların, konfransların, simpozium və sərgilərin keçirilməsi;
  •  Tərəflərin hər hansı birinin təşkil etdiyi təlimlər üçün digər tərəfdən ödənişsiz və ya ödənişli əsaslarla müəllimlərin cəlb edilməsi;
  •  Qabaqcıl metodikaların, elmi nəticələrin, aparılan tədqiqatlar haqqında olan materialların və digər nəşrlərin qarşılıqlı mübadiləsinin təmin edilməsi;
  •  Mühasiblərin və auditorların hazırlığı üzrə beynəlxalq proqramların mənimsənilməsi də daxil olmaqla, onlara təlim verilməsi sahəsində müştərək layihələrin həyata keçirilməsi və s.

Müqavilədə göstərilən istiqamətlər üzrə əməkdaşlığın həyata keçirilməsi ilə bağlı işləri əlaqələndirmək məqsədilə Tərəflərin hər birini təmsil edən bir nəfər əlaqələndirici məsul şəxsin təyin edilməsi nəzərdə tutulur.