gallery6

Təhsil sisteminə dəyərli töhfə

22.01.2018

Vergilər Nazirliyinin Tədris Mərkəzinin əməkdaşları Əli Həsənovun, Ceyhun Mehdiyevin, Elbəyi Hüseynovun, Ramiz Məhərrəmovun, Zahir Babayevin və Fariz Yadigarovun birgə müəllifliyi ilə “Vergi inzibatçılığı” adlı dərslik hazırlanmışdır.  Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 oktyabr 2017-ci il tarixli 320 saylı əmri ilə çapa tövsiyə edilmişdir.

Dərslikdə vergi inzibatçılığının iqtisadi mahiyyəti, təşkilati funksiyaları, prinsipləri nəzəri cəhətdən araşdırılmış, Azərbaycan Respublikasında vergi inzibatçılığı sahəsində təcrübi aspektləri vergi qanunvericiliyi çərçivəsində  təqdim edilmişdir.

Dərslikdə səyyar vergi yoxlamalarının, operativ vergi nəzarəti tədbirlərinin həyata keçirliməsi, təqdim edilmiş bəyannamələrin kameral yoxlanılması, vergi borclarının alınması prosedurları, vergi ödəyicilərinin qeydiyyatı və uçotu, vergi ödəyicilərinə xidmət ilə bağlı məsələlər, koordinasiya və kargüzarlıqla bağlı mövzular öz əksini tapmışdır. Hər bir vergi orqanı əməkdaşı təqdim edilmiş təlim materiallarından səmərəli istifadə etməklə öz fəaliyyət sahəsi üzrə biliklərini təkmilləşdirə bilər.

“Vergi inzibatçılığı” dərsliyi ali təhsil sistemi üçün də dəyərli töhfədir. Belə ki, iqtisad yönümlü bütün ali təhsil müəssisələrində bir fənn kimi tədris olunur. 

Dərslik iqtisadi və hüquqi ixtisaslar üzrə təhsil alan tələbələr, magistrlər, doktorantlar, müəllimlər, həmçinin vergi inzibatçılığını müstəqil surətdə öyrənmək istəyənlər üçün də nəzərdə tutulmuşdur.

Qeyd olunan dərslik tələbələrə gələcəkdə vergi orqanlarında professional fəaliyyətin həyata keçirilməsinə, zəruri nəzəri bilikləri və praktiki vərdişləri mənimsətməkdə kömək edəcəkdir.