XƏBƏRLƏR

Tədris Mərkəzində “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

12 avqust 2017-ci il tarixdə Vergilər Nazirliyinin Tədris Mərkəzində dövlət vergi orqanlarının rəhbər vəzifəli şəxsləri üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib.

Təlimə təlimçi qismində Azərbaycanda tanınmış psixoloq Həlimə Qəmərlinskaya dəvət edilib.

Təlimdə Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə departamentinin, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin, Vergilər Nazirliyi yanında Bakş şəhəri Lokal Gəlirlər Departamentinin, Kiçik Sahibkarlıqla İş Departamentinin, Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinin, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılmsı Departamentinin, Tədris Mərkəzinin, 2, 11 və 12 saylı Ərazi Vergilər Departamentinin, 3, 4, 5, 6, 8, 9, 10, 13 və 14 saylı Ərazi Vergilər İdarələrinin rəhbər vəzifəli şəxsləri iştirak edib.

Təlim zamanı stres anlayışı, onun yaranma səbəbləri barədə məlumat verdikdən sonra, H.Qəmərlinskaya əməkdaşın stresə meylliyinin yoxlanılması məqsədilə test tapşırıqları verib. Test tapşırıqları yerinə yetirildikdən sonra əməkdaşın stresə meylliyi üzrə nəticələr əldə edib.  O, stres təzahürlərinin emosional, intellektual, davranışla bağlı və fizioloji simtomları barədə arayış verib.

Növbəti mərhələdə stresə qarşı həssaslıq testi paylanılıb və nəticələr əldə edilib.

H.Qəmərlinskaya stressorlar barədə danışaraq, bizə tabe olmayan, bizə tabe olan və şəxsi təfsirimiz nəticəsində yaranan hadisələrlə əlaqədar elmə məlum olan kateqoriyaların geniş şərhini verib, stressorların təsirləri ilə mübarizə yollarını qeyd edib.

Təlimin sonunda dinləyicilərə dəyərləndirmə anketi paylanıb. Təlimin nəticələrinin qiymətləndirilməsində 5 ballıq şkala tətbiq edilib. Ümimilikdə, təlim prosesinin vəziyyəti 4,6 balla, təlimin nəticələri 4,7 balla, təlim materiallarının səviyyəsi 4,7 balla, təşkilati məsələlər 4,8 balla və təlimçinin təlim qabiliyyəti 4,8 balla qiymətləndirilmişdir.

Təlimin təşkili və keçirilməsi ilə əlaqədar dinləyicilər təlimin müddətinin artırılmasını, yüksək səviyyədə təşkil olunduğunu, rəhbər vəzifəli şəxslər üçün təqdirəlayiq olduğunu, səmərəli olduğunu, məqsədə tam nail olunduğunu qeyd etmişlər və təlimin mütəmadi olmasını arzu etmişlər.