XƏBƏRLƏR

“Vergi islahatlarının hüquqi və iqtisadi aspektləri: nəticələr və inkişaf istiqamətləri” mövzusunda dəyirmi masa keçirilmişdir

9 iyun 2017-ci ildə Vergilər Nazirliyinin Tədris Mərkəzində “Vergi islahatlarının hüquqi və iqtisadi aspektləri: nəticələr və inkişaf istiqamətləri” mövzusunda dəyirmi masa keçirilmişdir.  

Dəyirmi masada müzakirəsi nəzərdə tutulmuş əsas elmi-praktiki mövzular müzakirə edilmişdir:

 1. Vergi islahatlarının strateji hədəfləri (vergi islahatlarının iqtisadi  mahiyyəti və əsas məqsədləri; vergi siyasəti və iqtisadiyyatın diversifikasiyası; kiçik və orta biznesin inkişafında vergi siyasətinin rolu; vergi inzibatçılığının səmərəliliyinin gücləndirilməsi; vergi ödəyicilərinə xidmət sisteminin təkmilləşdirilməsi; vergi mədəniyyətinin yüksəldilməsi).

2. Vergi islahatlarının hüquqi aspektləri (vergi islahatlarının hüquqi əsasları; vergi qanunvericiliyi və onun təkmilləşdirilməsi problemləri; vergi qanunvericiliyi və digər sahələrdəki normativ hüquqi aktlar; vergi qanunvericiliyi və cinayət tərkibli fəaliyyətin qarşısının alınması; vergidən yayınma və vergi qanunvericiliyi; vergi qanunverciliyi və inzibatçılığının sadələşdirilməsi problemləri).

3. Vergi islahatlarının praktiki aspektləri (vergi islahatlarının praktiki tətbiqi zamanı qarşıya çıxan problemlər; vergi islahatları  və vergi ödəyicilərinin fəaliyyəti; vergi qanuvericiliyində baş verən dəyişikliklərin səmərəliliyinin qiymətləndirilməsi; vergi sisteminin təkmilləşdirilməsi prosesində praktiki  problemlər). 

Dəyirmi masada Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, AMEA-nın İqtisadiyyat İnstitutunun, Azərbaycan Dövlət İqtisad Universitetinin alimləri, Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin, Hüquq departamentinin, Vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin, Vergilər Nazirliyi yanında Bakı şəhəri  Milli Gəlirlər Departamentinin, Vergilər Nazirliyi yanında Bakı şəhəri  Lokal Gəlirlər Departamentinin və Ərazi vergi orqanları, rayon vergilər şöbələrinin və Vergilər Nazirliyinin Tədris Mərkəzinin vəzifəli şəxsləri iştirak etmişlər.

            Tədbiri giriş sözü ilə Tədris Mərkəzinin rəisi Əli Həsənov açaraq tədbir iştirakçılarını salamladı. O, tədbirin əhəmiyyətindən danışaraq son zamanlar vergi sistemində aparılan islahatların zəruriliyi, əhəmiyyəti, vergi inzibatçılığının səmərəliliyinin gücləndirilməsi ilə əlaqədar görülən işlər, vergi qanunvericiliyində və digər normativ-hüquqi aktlarlarda edilən dəyişikliklər, vergi islahatlarının praktiki tətbiqi zamanı qarşıya çıxan problemlər, vergi sisteminin təkmilləşdirilməsi istiqamətləri barədə məruzə ilə çıxış etdi.

Dəyirmi masada Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva ölkəmizin dinamik inkişfaından, qeyri-neft sektorunun inkişafından və vergi tənzimlənməsi ilə bağlı dövlətin həyata keçirdiyi islahatlardan danışdı. O, vergi inzibatçılığın təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamın icrası ilə əlaqədar aparılan vergi islahatlarının əsas istiqamətlərindən, vergi qanunvericiliyinə edilən dəyişikliklərin zəruriliyindən, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar onlara tətbiq edilən vergi güzəştlərindən, onların hüquqlarının qorunmasından, optimal vergi yükünun müəyyən edilməsi ilə əlaqədar həyata keçirilən tədbirlərdən, səyyar və kameral vergi yoxlamalarının optimallaşdırılmasından, elektron auditin inzibatçılığından, nümunəvi vergi ödəyicilərinin meyarlarının müəyyən edilməsindən, vergi öhdəliklərinin əvvəlcədən müəyyən edilməsindən, vergi risklərinin idarə edilməsindən, pərakəndə ticarətin vergiyə cəlb edilməsindən, kənd təsərrüfatında istehsal ilə emal arasında səddin müəyyən edilməsindən  və aparılan vergi islahatlarının digər istiqamətlərindən danışdı. Strateji yol xəritəsinin icrası ilə əlaqədar Vergilər Nazirliyinin qarşısında duran vəzifələri dəyirmi masa iştirakçılarının diqqətinə çatdırdı.

İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktor müavini i.e.d, prof. Rövşən Quliyev ölkənin həyata keçirdiyi fiskal siyasətdən, iqtisadiyyata dövlət müdaxiləsindən, həyata keçirilən vergi siyasətindən, tətbiq edilən vergi güzəştlərinin müddətliyindən, məhsulların rəqabət qabiliyyətinin gücləndirilməsindən danışdı.

Hüquq departamentinin baş direktorunun müavini Anar Rzayev vergi islahatlarının həyata keçirilməsinin hüquqi aspektlərindən qeyd edərək, cənab Prezidentin vergi inzibatçılığın təkmilləşdirilməsi ilə bağlı imzaladığı Sərəncamla əlaqədar olaraq vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətləri, borclu vergi ödəyiciləri üzrə vergi risklərinin qruplar üzrə müəyyən edilməsi, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, könüllü vergi açıqlaması, vergi ödəyicilərinə münasibətdə ünvanlı qərarların qəbul edilməsi, vergitutma bazasının genişləndirilməsi və Vergi Məcələsinin 89 və 90-cı maddələrində edilmiş dəyişikliklərlə əlaqədar məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırdı.

İqtisadi islahatlar elmi-tədqiqat institutu i.e.d; prof. Vahid  Abbasov vergitutmada Amerika və Avropa modelindən danışaraq birbaşa vergilərlə dolayı vergilər arasında nisbətdə birbaşa vergilərin xüsusi çəkisinin çox olduğunu və bu istiqamətdə Azərbaycanda da vergi sahəsində islahatların aparılmasının zəruri olduğunu qeyd etdi, vergi güzəştlərinin tətbiqi, kənd təsərrüfatının vergiyə cəlb edilməsi, ƏDV-nin tətbiqi zamanı yeni dəyərin müəyyənləşdirilməsi  və dəqiq uçot sisteminin tətbiqinin vacibliyini vurğuladı.

Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktorunun müavini Telman Hüseynli Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı Vergi Məcəlləsinin 13-cü maddəsində olan anlaşmanın şərhini verdi, ƏDV ödəyiciləri tərəfindən elektron-qaimə fakturanın tətbiqindən, elektron audit sisteminin genişləndirilməsindən, vergi partnyorluğu sazişlərinin əhəmiyyətindən, vergi uçotunun, vergi nəzarətinin və rəqabət mühitinin formalaşdığından, şəffaf vergi partnyorluğu sisteminin yaradılmasından və vergi islahatlarının səmərəliliyindən danışdı.

Maliyyə və maliyyə institutları kafedrasının dosenti İmran Rzayev vergi sisteminin inkişaf istiqamətlərindən, aparılan vergi islahatlarının səmərəliliyindən, sahələr üzrə vergi yükünün müxtəlifliyindən, kənd təsərrüfatının gəlirli işləməsi istiqamətlərindən, ƏDV-nin diferensiallaşdırılmasının tətbiqindən, aksiz, əmlak, torpaq vergilərinin təkmilləşdirilməsi istiqamətlərindən danışdı.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsinin rəis muavini Miri Bağırov VCİAD-ın funksiya və vəzifələri barədə məlumat verdi, vergi cinayətlərinin xarakteri, iqtisadi sahədə cinayətkarlıq , onların qarşısının alınması istiqamətlərindən danışdı, Tədris Mərkəzinin təlim və maarifləndirmə sahəsində gördüyü işləri qənaətbəxş hesab etdi. Təhsil müəssisələrində hüquq pozuntularının mahiyyəti barədə biliklərin tələbələrin diqqətinə çatdırılmasını tövsiyyə etdi.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsinin rəis muavini İlqar Paşayev vergi sistemində aparılan islahatların vergidən yayınmaların qarşısının alınmasına yönəldiyini qeyd etdi. Elektron auditin avtomatlaşdırılması, 1C mühasibat uçotu sistemində paralel olaraq vergi uçotu sisteminin də tətbiqinin zəruriliyindən və 1C proqramının AVİS-ə inteqrasiya edilməsinin zəruriliyindən danışdı.

Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov AVİS-də vahid mühasibat uçotu sisteminin mövcudluğundan, kommersiya hüquqi şəxslərinin mühasibat uçotunun aparılması prosedurundan, elektron auditin tətbiqi istiqamətindən, onun texniki tərəflərindən, qarşıya çıxan problemlərdən və ümumilikdə uçot siyasətinin təkmilləşdirilməsindən danışdı.

Vergilər Nazirliyi yanında Bakı şəhəri  Lokal Gəlirlər Departamentinin Apelyasiya idarəsinin direktor müavini Vüqar Əliyev ulu öndər Heydər Əliyevin apardığı vergi islahatlarının istiqamətlərinin mərhələli olaraq təhlilini apardı və indiki dövrə qədər göstərilən vergi xidmətləri barədə dəyirmi masa iştirakçılarını məlumatlandırdı.

2 saylı Ərazi Vergilər Departamentin baş direktoru Abbas İsmayılov vergi islahatlarının aparılması nəticəsində yaranmış əlverişli biznes mühitindən, sahibkarların maraqlarının qorunmasından, nağdsız əməliyyatların artırılmasından, ixracın stimullaşdırılmasından, vergi inzibatçılığının təkmilləşdirilməsindən danışdı.

5 saylı Ərazi Vergilər İdarəsinin direktoru Ədalət Fərəcov vergi inzibatçılığı və aparılan vergi islahatlarının səmərəliliyinin qiymətləndirilməsi üsullarından, kiçik və orta biznesin inkişafından və qeyri-səlis məntiq nəzəriyyəsindən istifadə edilməsinin zəruriliyindən danışdı. O qeyd etdi ki, vergi islahatlarının aparılması vergi potensialının mövcud vəziyyətinə uyğun şəkildə həyata keçirilməlidir.

Vergilər Nazirliyi yanında Bakı şəhəri  Milli Gəlirlər Departamentinin Xüsusi rejimli vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin rəhbəri Zəka Məstəliyev çıxışında Xüsusi rejimli müəssiələrin vergiyə cəlb edilməsindəki mövcud problemlərdən bəhs etdi. Qeyd etdi ki, bu istiqamətdə bağlanmış sazişlərdə vergitutma ilə bağlı müddəaların yenidən baxılması, vergitutma bazasının genişləndirilməsi zəruridir. Əsas məsələlər kimi qeyri rezidentlərin gəlirlərinin vergiyə cəlb edilməsini vurğuladı.  

Vergilər Nazirliyi yanında Bakı şəhəri  Milli Gəlirlər Departamentinin Xüsusi rejimli vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi Şaiq Xəlilov öz çıxışında bu dəyirmi masada vergi orqanına daxil olmayan digər mütəxəssislərin və o cümlədən vergi ödəyicilərinin təmsil olunmasının vacib olmasını qeyd etdi. O qeyd etdi ki, vergi islahatları özü çox mürəkkəb termindir. Onun nədən ibarət olması tam şəkildə aydınlaşdırılmalıdır.

Hüquq departamentinin Məhkəmə işlərinin təşkili idarəsinin direktoru Ramiz Qasımzadə vergi islahatlarının hüquqi aspektlərinə toxundu və qeyd etdi ki, vergi məsuliyyəti və cinayət məsuliyyətləri eyni zamanda tətbiq edilə bilməz. Bununla bağlı Avropa məhkəmə təcrübəsindən nümunələr gətirdi və ətraflı məlumat verdi. 

Tədris Mərkəzinin kafedra müdiri Malik Əkbərov tədbirdə iştirakçılar tərəfindən söylənilən bəzi fikirlərə münasibət bildirdi, bəzi iqtisadi anlayışlara aydınlıq gətirdi, aparılan islahatların tədris prosesində tətbiqi, təcrübə mübadiləsi, maarifləndirmə və bu istiqamətdə təlimlərin keçirilməsinin zəruriliyini qeyd etdi.

Dəyirmi masa maraqlı diskussiya şəraitində keçdi.