XƏBƏRLƏR

Vergilər Nazirliyinin Tədris Mərkəzi İSO 9001:2015 beynəlxalq sertifikata layiq görülüb.

AZƏRTAC xəbər verir ki, mərkəzin direktoru Əli Həsənov fevralın 20-də keçirilən brifinqdə Tədris Mərkəzində İSO 9001:2015 keyfiyyət idarəetmə sisteminin tətbiqinə 2016-cı ilin iyul ayından başlanıldığını deyib.

Onun sözlərinə görə, Mərkəzin beynəlxalq standartlara uyğunluğunun müəyyən edilməsi məqsədilə Almaniyanın “TUV Thuringen e.V” şirkətinin Azərbaycan ofisi tərəfindən audit aparılıb. Audit zamanı Mərkəzin idarəetməsinin, tədrisin keyfiyyətinin, resurslardan istifadənin, aparılan tədris siyasətinin, Tədris Mərkəzinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların, Mərkəzin maddi-texniki təchizatının beynəlxalq standartlara uyğunluğu yoxlanılıb. Auditin nəticələrinə əsasən, Vergilər Nazirliyinin Tədris Mərkəzi İSO 9001:2015 beynəlxalq sertifikatına layiq görülüb.

Brifinqdə vurğulanıb ki, Tədris Mərkəzinin keyfiyyətli idarəetmə sahəsində beynəlxalq sertifikasiyadan keçmək təşəbbüsü təlim siyasətinin daha da təkmilləşdirilməsi, bir sıra dövlət orqanları, ali məktəblər, eləcə də beynəlxalq səviyyədə əməkdaşlığın aparılması, Mərkəzin gələcəkdə regional akademiya statusu alması məqsədini daşıyır.

Ə.Həsənov qeyd edib ki, son illər ərzində vergi sahəsində aparılan islahatlar, vergi inzibatçılığının daim təkmilləşdirilməsi, işin günün tələbləri səviyyəsində qurulması vergi orqanlarında insan resurslarının idarə olunmasının təkmilləşdirilməsini zəruri edib. Hazırda nazirliyin bütün sahələrini əhatə edən tədris proqramı vergi orqanı əməkdaşlarının fasiləsiz təhsil almasını təmin edir.

Vergilər Nazirliyinin Tədris Mərkəzində vergi əməkdaşları ilə yanaşı, bələdiyyələrə, vergiödəyicilərinə, vergi dostlarına da müxtəlif istiqamətlər üzrə təlimlər keçirilir.