XƏBƏRLƏR

“Vergilər" mövzusunda tələbə və magistrantlar arasında 10-cu olimpiada keçirilib

Ötən həftə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ölkəmizin 15 ali məktəbinin 300-dək tələbə və magistrantının iştirak etdiyi, Vergilər Nazirliyi və adıçəkilən təhsil ocağının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Vergilər” mövzusunda sayca 10-cu olimpiada keçirilib.

UNEC-in rektoru Ədalət Muradov tədbir iştirakçılarını salamlayaraq hər il paytaxtdan və respublikanın digər bölgələrindən çoxlu sayda tələbə və magistrantın bu olimpiadaya qatıldığını vurğulayıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu olimpiada gənclərin vergilərin mahiyyətini, əhəmiyyətini daha dərindən dərk etmələri üçün çox önəmli yer tutur: «Bugünkü tələbələrimiz sabahın vergi ödəyicisi olduğundan, bu olimpiada gənclərə vergi mədəniyyətinin aşılanması istiqamətində atılmış böyük addım kimi qiymətləndirilməlidir».

Tədbirdə çıxış edən vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri  Sahib Ələkbərov Vergilər Nazirliyi ilə UNEC-in birgə təşkil etdiyi bu olimpiadanın artıq ənənə halını aldığını bildirib. Ölkə başçısı tərəfindən insan resurslarının inkişafına xüsusi diqqət yetirildiyini vurğulayan nazir müavini qəbul edilən dövlət proqramlarında, milli strategiyalarda və fəaliyyət planlarında dövlət orqanları əməkdaşlarının potensialının inkişaf etdirilməsinin əsas məsələlərdən olduğunu,  «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında ənənəvi iqtisadiyyatdan «bilik iqtisadiyyatına» keçidin əsaslarından biri kimi insan kapitalının inkişafının ön plana çəkildiyini qeyd edib. Vergilər Nazirliyinin təbliğat və maarifləndirmə sahəsində təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi yer verdiyini vurğulayan S.Ələkbərov olimpiadanın gənclər arasında vergi sahəsində maarifləndirmə işlərinə böyük töhfə verdiyini deyib: «Artıq 10-cu ildir ki, Vergilər Nazirliyi Dövlət İqtisad Universiteti ilə birlikdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş «Vergilər» mövzusunda olimpiada təşkil edir. Bu işdə əsas ağırlığı öz üzərinə götürən UNEC-in yüksək təşkilatçılığı sayəsində bu illər ərzində müsabiqədən narazılıq halları ilə rastlaşmamışıq. Bu da o deməkdir ki, bu işdə əməyi keçən hər kəs öz işinə çox məsuliyyətlə yanaşır».

Nazir müavini tələbələr arasında olimpiadaya olan marağı da yüksək qiymətləndirib. «Sevindirici haldır ki, illər keçsə də bu bilik yarışmasına nəinki maraq azalmır, əksinə, hər il daha çox tələbələrimiz olimpiadada iştirak etməyə həvəs göstərirlər», - deyən S.Ələkbərov bildirib ki, vergi biliklərinə dərindən yiyələnmiş gənclərin vergi orqanlarında işə cəlb olunmasına da xüsusi önəm verilir və əvvəlki olimpiadalarda fəal iştirak etmiş onlarla gənc hazırda vergi orqanlarında uğurla çalışırlar. Hazırda Vergilər Nazirliyində bütün xidmətlərin elektronlaşdırıldığına diqqəti yönəldən nazir müavininin sözlərinə görə, bu sistemdə işləmək üçün ciddi biliklər tələb olunur və savadlı, müasir dövrün tələblərinə cavab verən vergi işçilərinin sayı artırılmalıdır.

Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Əli Həsənov UNEC-lə birgə əməkdaşlıq prosesindən və bu cür olimpiadaların əhəmiyyətindən bəhs edib: «Bu bilik yarışı gələcəkdə vergi orqanında işləmək həvəsində olanlar üçün böyük bir şansdır. 2005-ci ildən vergi orqanlarına işə qəbul ölkə başçısının müvafiq fərmanı əsasında aparılır. Bu illər ərzində keçirilmiş 10 müsabiqə və müsahibə nəticəsində 1300 namizəd nazirliyin kadr ehtiyatına daxil edilib. Hal-hazırda həmin gənclərdən 100 nəfərə yaxını orta və yuxarı menecer vəzifəsində çalışır. Onların arasında bu olimpiadanın fəal iştirakçıları da var».

Ötən ildən etibarən Azərbaycan Dövlət İqtisad Universiteti ilə tədris-təcrübə mübadiləsinin aparılması haqqında Memorandumun imzalandığını xatırladan Tədris Mərkəzinin rəisi bu sahədə daha bir neçə dövlət orqanı və təhsil müəssisələri ilə də eyni qaydada anlaşma sazişinin təsdiq olunması istiqamətində səmərəli işlərin aparıldığını qeyd edib.

UNEC-in «Maliyyə və maliyyə institutları» kafedrasının müdiri Əvəz Ələkbərov isə olimpiadanın tələbə və magistrantların vergi sahəsində biliklərinin formalaşmasına böyük fayda verdiyini qeyd edib. 

Sonra olimpiadaya start verilib. Test üsulu ilə keçirilən yarışmada iştirakçılar 2 saat ərzində Vergilər Nazirliyinin Tədris Mərkəzində müvafiq test bazası əsasında hazırlanmış sualları kompüter vasitəsilə onlayn rejimdə cavablandırıblar. Nəticələr iştirakçı ali məktəblərin təmsilçilərindən ibarət münsiflər heyətinin iştirakı ilə Tədris Mərkəzinin mütəxəssislərinin nəzarəti altında xüsusi kompüter proqramları vasitəsilə qiymətləndirilib. Sonda olimpiadada ən yüksək nəticə göstərmiş tələbə və magistrantların, həmçinin onların müəllimlərinin adları elan edilib.

Qeyd edək ki, bu il ilk dəfə olaraq, eyni bal topladıqlarına görə birinci yerə iki nəfər layiq görülüb. Bakalavrlar üzrə - UNEC-in tələbəsi Mehri Salmanova  və  Naxçıvan Dövlət Universitetinin tələbəsi Mahir Mehdiyev eyni və ən yüksək nəticə göstəriblər, üçüncü yerə isə Naxçıvan Dövlət Universitetinin tələbəsi Zeynalabdin Cəfərov layiq görülüb. Magistrantlar arasında birinci yerə Mehri Allahverdiyeva, ikinci yerə Vüsal Əhmədov (hər ikisi UNEC), üçüncü yerə isə Qənbər Məmmədli (Naxçıvan Dövlət Universiteti) sahib olublar.

 

Qaliblərin təəssüratları

Magistr pilləsi üzrə təhsil alan tələbələr arasında birinci yerə layiq görülən Azərbaycan Dövlət İqtisad Universitetinin I kurs tələbəsi Mehri Allahverdiyeva: «Olimpiadada qalib gəlməyim mənim üçün böyük uğurdur. Bu yarışa qatılan həmkarlarımın hər biri çox savadlı, bilikli uşaqlardır. Onların arasından qalib seçilməyim və bu qalibiyyətin verdiyi sevinci izah etmək çətindir. Etiraf edim ki, imtahan zamanı bir qədər həyəcan keçirsəm də, son nəticədə özümü ələ alıb biliyimi ortaya qoya bildim».

Bakalavr təhsili üzrə birinci yerə layiq görülən Azərbaycan Dövlət İqtisad Universitetinin IV kurs tələbəsi Mehri Salmanova: «Vergi tədrisi dərsinə çox böyük maraq göstərirəm, hər zaman da müzakirələrdə, seminarlarda fərqlənmişəm. Bu səbəbdən də olimpiadaya böyük həvəslə qatıldım. Xüsusilə müəllimimin etimadını doğrulda bildiyim üçün çox sevincliyəm».

Bakalavr təhsili üzrə birinci yerə layiq görülən Naxçıvan Dövlət Universitetinin IV kurs tələbəsi Mahir Mehdiyev: «Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan olimpiadada qalib olmaq çox qürurvericidir. Uzaq yol gəlmək, müəllimlərimin etimadını doğrultmaq və əliboş qayıtmamaq - həqiqətən də böyük xoşbəxtlikdir».

 

Qalib tələbələrin müəllimləri...

Qeyd edək ki, olimpiadada qalib olmuş tələbə və magistrantların müəllimləri də xüsusi mükafata layiq görülüblər.

Naxçıvan Dövlət Universitetinin müəllimi İsmayıl Bağırov: «Bu cür olimpiadaların  keçirilməsi tələbələr üçün böyük sınaq meydanıdır. Çünki bu yarışlara hazırlaşan gənclər gələcəkdə vergi orqanlarında işləməkdə maraqlı olurlar. Bu gün bizim tələbələrimiz də olimpiadaya yüksək əhval-ruhiyyədə gəliblər. Sevindirici haldır ki, bu bilik yarışına qatılan 5 tələbəmizdən 3-ü fərqlənərək, diploma layiq görülüblər».

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Zöhrab Paşayev: «Qalib tələbənin müəllimi seçilmək çox qürurvericidir. Arzu edirəm ki, belə istedadlı, savadlı gənclərimiz çox olsun. Çünki ölkəmizin gələcəyi məhz onların əlindədir. «Vergilər» mövzusunda keçirilən bu olimpiadalar tələbələrin gələcək karyerasında da mühüm rol oynayır».