Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisinin müraciəti

Hörmətli həmkarlarımız,

Sizi Tədris Mərkəzinin rəsmi internet saytında salamlayıram. Tədris Mərkəzi Vergilər Nazirliyinin tabeliyində olmaqla vergi qanunvericiliyi və vergi inzibatçılığı sahəsində təlim, tədris və elmi-tədqiqat fəaliyyətini həyata keçirir.

2011-ci ilin sentyabr ayının 13-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Şamaxıda Vergilər Nazirliyinin Tədris Mərkəzinin yeni inzibati binasının açılışınıda iştirak etmişdir. Bundan sonra vergilər nazirinin “Tədris Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi barədə” 23 yanvar 2012-ci il tarixli əmrinə əsasən Mərkəz Şamaxıda yerləşən inzibati binada öz fəaliyyətini davam etdirir.

Bu istiqamətdə aparılan dövlət siyasətinin əsas məqsədi Azərbaycanın bütün regionlarının inkişafının çox mühüm məsələ kimi diqqətdə saxlanılmasından, vergi orqanı əməkdaşlarının tədris müddətində iş yerlərindən və məişət problemlərindən kənar olmalarının təmin edilməsindən ibarətdir.

Təkcə 2015-ci ildə Mərkəzin fəaliyyətini tənzimləyən 18 normativ sənəd təsdiq edilmişdir.

Tədris Mərkəzində aparılmış yenidənqurma işlərindən sonra burada respublika və beynəlxalq əhəmiyyətli müxtəlif konfrans, iclas və digər tədbirlər keçirilmişdir.

Tədris Mərkəzinin yaradıldığı 2002-ci ildən dövlət vergi orqanlarında xidmət edən 3486 nəfər əməkdaş müxtəlif fəaliyyət sahələri üzrə ixtisasartırma təlimlərinə, müsabiqə yolu ilə işə yeni qəbul edilmiş 1326 nəfər əməkdaş ilkin hazırlıq kurslarına cəlb edilmişlər. Bu dövr ərzində vergi qanunvericiliyinin və vergi inzibatçılığının müxtəlif problemlərinə həsr edilmiş qısamüddətli təlimlərdə 6690 nəfər əməkdaş iştirak etmişdir.

2016-cı ildən etibarən dövlət vergi orqanlarında müvafiq fəaliyyət sahələri üzrə bilik və bacarıqların sertifikatlaşdırılması qaydalarının və bunun əsasında dövlət vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığının təşkili qaydalarının qəbul edilməsi ilə əlaqədar olaraq təlim və tədris prosesində də əsaslı dəyişikliklər baş vermişdir. Hazırda Mərkəzdə peşə fəaliyyətinin ümumi əsaslarını və müxtəlif ixtisas (fəaliyyət) sahələrini əhatə edən fasiləsiz olaraq təlimlər təşkil edilir. Müasir tələblər səviyyəsində qurulan təlimlərin məqsədi vergi orqanlarının işinin müasir tələblərə cavab verəcək səviyyədə qurulması üçün şəxslərin müvafiq fəaliyyət sahələri üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.

Bundan başqa, Mərkəzdə dövlət vergi orqanı əməkdaşları üçün ənənəvi təlimlərlə yanaşı onlayn təlimlərdə də keçirilir ki, bunun da məqsədi vaxt iktisinin qarşısının alınması və inzibati xərclərə qənaət edilməsidir.

Tədris Mərkəzində əməkdaşların səmərəli fəaliyyət göstərməsi, bilik və peşə hazırlığı səviyyəsinin təkmilləşdirilməsi, elmi-yaradıcılıq işlərinin davam etdirilməsi üçün hər bir şərait yaradılmışdır. Belə ki, Mərkəzdə təlim və tədris korpusları, yaşayış korpusları, yeməkxana, yataqxana, kitabxana, qonaq otaqları, tibb otağı və idman-sağlamlıq mərkəzi əməkdaşların istifadəsinə verilmişdir.

Tədris Mərkəzinin internet saytından hər bir izləyici istifadə edə bilər. Sayt vasitəsilə Mərkəzin kompleksi, normativ baza, tədris və elm fəaliyyəti, təlim materialları və digər məlumatlarla tanış ola və Nazirliyin elektron kitabxanasındakı məlumatlardan istifadə edə bilərlər.

 

Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi  Əli Həsənov