gallery6

 

   Nazim Kazım oğlu Əliyev 

   Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi

   1-ci dərəcəli müfəttiş

 

 

Əliyev Nazim Kazım oğlu 3 aprel 1970-ci ildə Azərbaycan Respublikasının Masallı rayonunda anadan olmuşdur. 1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsini hüquqşunaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1993 – 2001-ci illərdə Azərbaycan Respublikası prokurorluğu orqanlarında müstəntiq vəzifəsində işləmişdir. 2001-ci ilin noyabr ayından əmək fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əvvəlcə Fəlsəfə və Hüquq, sonra isə Hüquq və İnsan haqları institutunda davam etdirmişdir.

Nazim Əliyev 26 mart 2005-ci ildə Bakı Dövlət Universitetində “Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən talama əməlləri ilə cinayət-hüquqi mübarizə” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) 12 iyul 2005-ci il tarixli qərarı ilə ona hüquq elmləri namizədi elmi dərəcəsi, 22 iyul 2009-cu il tarixli qərarı ilə isə “Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ” ixtisası üzrə dosent elmi adı verilmişdir.  

O, 7 yanvar 2016-cı il tarixdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda respublikamızın və xarici dövlətlərin hüquq üzrə nüfuzlu alimlərinin birgə iştirakı ilə yaradılmış Dissertasiya Şurasında “Həyat və sağlamlıq əleyhinə iştirakçılıqla törədilən cinayətlərə görə məsuliyyətin diferensiasiyası problemləri (qanun, nəzəriyyə, praktika)” mövzusunda yazmış olduğu doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın 25 noyabr 2016-cı il tarixli qərarı ilə ona hüquq üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.

N.K.Əliyev eyni zamanda Milli Aviasiya Akademiyasının “Hüquqşünaslıq” kafedrasının dosentidir. AMEA-da hüquq elminin inkişafı üzrə Milli Strategiyanın və Dövlət Proqramının icrası ilə əlaqədar yaradılmış hüquqşunas-alimlərdən ibarət İşçi qrupunun üzvüdür. Respublikamızda hüquq ixtisası üzrə elmi dərəcələrin verilməsindən ötrü yaradılmış Dissertasiya Şuralarının üzvü kimi də fəaliyyət göstərir.

Nazim Əliyev 3 monoqrafiyanın, 5 tədris-metodik vəsaitin, 145 elmi məqalənin (bunlardan 37-si xarici dövlətlərin nüfuzlu elmi jurnallarında çap olunmuşdur), 60-dan çox publisistik məqalənin müəllifidir. 11 dekabr 2015-ci il tarixdə AMEA-nın 70 illik yubileyi münasibəti ilə və uzunmüddətli məhsuldar elmi fəaliyyətinə görə fəxri fərman ilə təltif olunmuşdur.