Mərkəzin məqsəd və vəzifələri

08.06.2016

Mərkəzin məqsədi dövlət vergi orqanlarında çalışan əməkdaşların bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, praktiki iş və idarəetmə qabiliyyətinə, yeni texnologiyalara və texniki vasitələrlə iş vərdişlərinə yiyələnməsini, eləcə də daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşmasını təmin etmək üçün təhsil proseslərini həyata keçirməkdir.

Tədris Mərkəzi vergi işinin təşkili sahəsində əlavə təhsili və vergi sisteminə dair elmi tədqiqatların aparılmasını təşkil edir.

 Mərkəzin fəaliyyət istiqamətləri

Mərkəzin fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:

  • Vergi orqanlarının əməkdaşları, digər dövlət orqanlarında və təşkilatlarda işləyən şəxslər, eləcə də müstəqil şəxslər üçün vergi işi üzrə əlavə təhsili və vergi sisteminə dair elmi tədqiqatların aparılmasını təşkil edir;
  • Vergi işi üzrə əlavə təhsil və vergi sisteminə dair elmi tədqiqatların aparılması sahəsinin inkişafını təmin edir;
  • Vergi işi üzrə əlavə təhsil və vergi sisteminə dair elmi tədqiqatların aparılması sahəsində,  eləcə də vergi qanunvericiliyi və inzibatçılığı sahəsində normayaratma fəaliyyətinin həyata keçirilməsində iştirak edir;
  • Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Mərkəzin vəzifələri

  • Vergi orqanlarının fəaliyyət sahələri üzrə təlim tələbatlarının öyrənilməsini və bu sahələr üzrə təşkil edilən əlavə təhsilin həmin tələbatlara uyğunluğunu təmin etmək;
  • Əlavə təhsilin məzmununun, formasının, keyfiyyətinin və təşkilinin müvafiq hüquqi aktlarla müəyyən edilən tələblərə uyğunluğunu təmin etmək;
  • Təhsil prosesini müxtəlif təhsilalma formalarından istifadə etməklə yüksək səviyyədə təşkil etmək;
  • Təhsil prosesində müasir təlim metodlarından, alətlərindən və informasiya texnologiyalarından istifadəni təmin etmək;
  • Müasir metodlardan istifadə etməklə əlavə təhsilə cəlb olunmuş şəxslərin bilik və bacarıqlarının qiymətləndirilməsini təşkil etmək;
  • Vergi orqanlarının əməkdaşları, digər dövlət orqanlarında və təşkilatlarda işləyən, eləcə də müstəqil şəxslər üçün vergi işinin təşkili sahəsində əlavə təhsilin sonunda  bilik və bacarıqlarının qiymətləndirilməsi əsasında onlara Vergilər Nazirliyinin təsdiq etdiyi formada təhsil sənədini (sertifikat) vermək;
  • Əlavə təhsil üzrə təlimlərin qiymətləndirilməsini və əldə edilmiş nəticələrin əlavə təhsilin planlaşdırılmasında və təşkilində nəzərə alınmasını təmin etmək;
  • Əlavə təhsilə təlimçi qismində cəlb edilmiş peşəkar mütəxəssislərin təlimçilik qabiliyyətlərinin inkişaf etdirilməsi üçün müvafiq tədbirləri həyata keçirmək;
  • Vergi orqanlarının əməkdaşlarının müstəqil öyrənmə və fasiləsiz təhsil imkanlarının artırılması, eləcə də əlavə təhsil prosesində istifadə edilməsi üçün müvafiq tələblərə cavab verən təlim materiallarının hazırlanmasını təşkil etmək;
  • Vergi işi üzrə əlavə təhsil və vergi sisteminə dair elmi tədqiqatların aparılması sahəsində elmi-tədqiqat işlərinin prioritet istiqamətlərinin və mövzularının müəyyən edilməsi üçün vergi orqanlarının müvafiq tələbatlarının öyrənilməsi prosesini təşkil etmək;
  • Vergi sistemi və vergi siyasətinə dair, eləcə də vergi orqanlarının fəaliyyətinin metodiki bazasının və vergi işinin təşkili sahəsində əlavə təhsilin təkmilləşdirilməsinə dair elmi-tədqiqat işlərinin aparılmasını təşkil etmək;
  • Mərkəzin rəsmi internet səhifəsinin fasiləsiz işlək vəziyyətdə olmasını təmin etmək, o cümlədən səhifədə müvafiq sahə üzrə məlumatların və yeniliklərin yerləşdirilməsini, məlumatların aktuallığının (qüvvədə olmasının) nəzarətdə saxlanmasını, zəruri dəyişikliyin edilməsini, yeni məlumatların hazırlanmasını və əlavə edilməsini həyata keçirmək;
  • Mərkəzə ayrılan büdcə və digər maliyyə vəsaitlərindən təyinatı üzrə istifadə olunmasını təmin etmək;
  • Qanunvericiliyə uyğun olaraq kommersiya (vergi) sirrinin, qanunla açıqlanması və yayılması qadağan edilən digər məlumatların və xidməti məlumatların qorunmasını təmin etmək;
  • Görülmüş işlərin nəticələri barədə Vergilər Nazirliyi tərəfindən müəyyən olunmuş forma üzrə hesabatlar hazırlamaq və vaxtında aidiyyəti üzrə nazirliyin rəhbərliyinə təqdim etmək;
  • Vergi işi üzrə əlavə təhsil və vergi sisteminə dair elmi tədqiqatların aparılması sahəsində normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.