Ərəb Xilafəti dövründə vergilər

 

VII əsrin birinci yarısında Ərəbistan yarımadasında güclü bir feodal dövləti – Xilafət meydana gəldi. 633-651-ci illərdə Azərbaycan Xilafətə birləşdirildi. Yerli feodal cəmiyyəti üzərində hakim mövqe tutan Xilafət üsul-idarəsi VIII əsrdə ərəblərin işğalı dairəsinə düşmüş bütün becərilən torpaqları müsəlman icmasının mülkiyyəti elan etdi. Bu torpaqlar, əsasən, öz rəiyyətlərinə qarşı münasibətdə bütün hüquq və imtiyazlarını qorumuş əvvəlki sahiblərinin ixtiyarında saxlanılır, ərəblər isə bu sahibkarların müsəlman icması xəzinəsinə (beytülmala) boyun olduqları vergilərlə kifayətlənirdilər. Əsasən, silah gücünə ələ keçirilmiş şimallı-cənublu Azərbaycanın tabe edilmiş əhalisi ilə qarşılıqlı münasibətlər işğalçılarla yerli əhali arasında bağlanmış müqavilələrlə tənzimlənirdi. Hər bir belə müqavilə, başqa şərtlərlə yanaşı, birdəfəlik və illik vergilərin ödənilməsi təəhhüdü haqqında maddəni də nəzərdə tutur, yerli əhaliyə məxsus torpaqları onun ixtiyarında saxlayırdı. Zimmi, yəni başqa dinə mənsub yerli adam statusunu qazanmış bu sahibkarlar müsəlman icmasının himayəsində qalır, torpaq vergisi – xəracla yanaşı, qeyri-müsəlmanların verdiyi can vergisi – cizyəni də ödəyirdilər. Müsəlman qanunvericiliyinə – şəriətə görə cizyə hər il ancaq kişilərdən, özü də onların sənət və ya ticarətdən əldə etdikləri qazancdan asılı olaraq alınırdı. Varlılar 48, ortabablar 24, yoxsullar isə 12 dirhəm ödəyirdilər. Əgər can vergisi – cizyə ancaq qeyri-müsəlmanlardan alınırdısa, torpaq vergisi – xərac həm müsəlmanlardan, həm də başqa dinlərə etiqad edənlərdən alınırdı, ancaq qeyrimüsəlmanlar  bu  vergini  ikiqat  həcmdə  ödəyirdilər.  Xəlifə  Hişam  dövründə (724-743)  ərəblərin Azərbaycan və Arrandakı vergi siyasəti köklü dəyişikliyə məruz qaldı: buradakı Əməvi hakimləri cizyəni xəzinəyə böyük gəlir gətirən vergilərdən biri kimi fərqləndirməyə başladılar. 725-726-cı ildə Hişamın sərəncamına görə, Azərbaycanda əhali, torpaq, mal-qara və hər cür başqa əmlakın yeni siyahıyaalınması keçirildi. Bu məqsədlə o, öz sərkərdəsi Haris İbn Əmri Arrana göndərdi. Moisey Kalankatlının məlumatına görə, ağır vergi qoyulmasına səbəb olan bu yeni siyahıyaalma əhalinin vəziyyətini daha da ağırlaşdırdı. Bu siyahıyaalmadan sonra tətbiq edilən yeni vergi sistemi vergi verən əhali ilə yanaşı, rahiblərdən də vergi alınmasını nəzərdə tuturdu. Əhalinin üzərinə sənətkarlığa, kəbinə görə yeni əlavə vergilər qoyuldu. Ölkənin cənubunda xəlifə II Ömər zamanı ləğv edilmiş əvvəlki Sasani vergiləri  - “Novruz və Mihrican hədiyyələri” bərpa edildi. Belə vergi sistemi təkcə yoxsulları deyil, hətta bir çox əyan və varlıları da səfalətə düçar etdi. Əgər Əməvilər dövründə natura ilə ödənc vergilərin mühüm hissəsini təşkil edirdisə, Abbasilər dövründə vergilərin ancaq bir hissəsi natura ilə ödənilirdi. Özü də bu natura içərisində zinət əşyaları və ərəblərdə az tapılan mallar üstünlük təşkil edirdi. Bu sistem II Abbasi xəlifəsi əl-Mənsurun dövründə (754-775) xüsusən geniş tətbiq edilməyə başlanmışdı. Onun dövründə misahə adlanan xərac, əkilib-əkilməməsindən asılı olmayaraq, torpaq sahəsinə görə pulla, yəni hələ Ömər ibn əl-Xəttabın qoyduğu qaydalar üzrə alınırdı. Əl-Mənsurun varisi xəlifə əl-Mehdinin dövründə (775-785) onun sərəncamına görə xəracalma sistemi dəyişildi. Misahə xəracı – torpağın sahəsinə görə alınan vergi əvəzinə müqasəmə xəracı – məhsula görə alınan vergi qoyuldu; özü də suvarılan torpaqlardan məhsulun yarısı, dəliyə və kirbə ilə suvarılan torpaqlardan məhsulun 1/3-i, duləblə- suvarılan torpaqlardan məhsulun 1/4-i alınırdı. Lakin əl-Mehdinin dövründə meyvə ağaclarına, zeytun və üzüm bağlarına xərac qoyuldu. Torpaq vergisi və can vergisindən əlavə aşağıdakı vergilər alınırdı: xüms – mülkiyyətdən və əmlakdan alınan, gəlirin 1/5-i bərabər olan vergi; zəkat – yoxsulların xeyrinə varlı müsəlmanların əmlakından tutulan vergi; zəkat əl-fitr – orucluğun başa çatması münasibətilə verilən pay – fitrə; sədəqə – yoxsullara verilən ianə; uşr – məhsulun 1/10-nə bərabər vergi. Xüms – pul və ya natura şəklində dinc yolla ələ keçirilmiş əmlakdan, əməkhaqqından, mədən və dəfinələrdən, kafir və ya zimminin müsəlmandan satın aldığı torpaqdan, əsirlər də daxil olmaqla hərbi qənimətlərdən alınırdı. Dəyəri ailənin illik xərcindən artıq olan əmlak satın alındıqda və ya müxtəlif peşə sahiblərinin gəlirləri illik məxaricdən çox olanda xüms ödənilməli idi. Zəkat – ildə bir dəfə alınırdı; bu vergi dənli bitkilər (düyü və lobyadan başqa), giləmeyvələr, daş-qaş və ev heyvanları üzərinə qoyulurdu. Buğda və arpadan zəkat məhsul yetişəndən sonra alınır, üzüm üçün isə qora dövründə müəyyənləşdirilirdi. Zəkat əlfitrə – ildə bir dəfə, orucluq ayının başa çatması münasibətilə varlı müsəlman ailəsinin yetkinlik yaşına çatmış hər bir üzvünə görə ödənilirdi. Fitrə məhsul və ya pulla ödənilə bilərdi. Onun qədəri 3 kq buğdaya, arpaya və ya çəltiyə, xurmaya, kişmişə, qarğıdalıya və başqa məhsullara bərabər idi. Uşr – hər il əkinçilik, heyvandarlıq, balıqçılıq məhsullarından satış üçün nəzərdə tutulan və qiyməti 200 dirhəmdən artıq olan başqa məhsullardan natura ilə alınan onda bir vergisi idi. Şirvanda (Bakıda) bunlardan başqa, neft və duz mənbələri üzərinə də vergi qoyulmuşdu. Bütün bunlar isə xilafətə qarşı mübarizə meyillərinin güclənməsinə səbəb olurdu. Belə bir şəraitdə Azərbaycanda Sacilər (889-942-ci illər) dövləti meydana gəldi. Bu dövlət 912-ci ilə qədər hər il xilafətin xəzinəsinə 120 min dinar xərac verirdi. 912ci ildə Saci hökmdarı Yusif xilafətə xərac verməkdən imtina etdi və Azərbaycanın vilayətlərindən toplanan vergilər Sacilərin xəzinəsinə daxil olmağa başladı. Ümumilikdə Azərbaycandan toplanan xəracın məbləği o dövr üçün 500 min dinar təşkil edirdi (1 dinar = 15 dirhəm).