4.     Azərbaycanda vergi xidmətinin modernləşdirilməsi prosesi.

Vergilər Nazirliyi yaradıldıqdan sonra ulu öndərin verdiyi dəyərli tövsiyələrə əsaslanaraq vergi orqanlarının strukturunun müasirləşdirilməsi ilə bağlı hazırlıq işlərinə başlanılmışdı. Vahid və çevik bir strukturun yaradılması məqsədi ilə qabaqcıl dünya təcrübəsi araşdırılmış, müxtəlif idarəetmə modelləri təhlil edilmiş və yekunda vergi orqanlarının funksional əsasda fəaliyyət göstərən strukturunun tətbiqinə üstünlük verilmişdi.

Vergilər Nazirliyinin strukturunun funksional əsasda yenidən təşkilinə hazırlığın aparılması və vergi inzibatçılığının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Nazirliyin ərazi üzrə Vergilər İdarəsinin pilot (təcrübə) strukturu təsdiq olunmuşdur. Funksional əsasda fəaliyyət göstərəcək yeni strukturun fəaliyyət prinsipləri və səmərəliliyi müəyyən edildikdən sonra 2000-ci ilin sonundan etibarən təcrübədə özünü doğruldan yeni strukturun digər rayonlarda da tətbiqinə başlanıldı.

Adekvat islahatlar Vergilər Nazirliyinin mərkəzi aparatında da aparıldı. Bu struktur bazar münasibətləri şəraitində Ümummilli Lider Heydər Əliyevin vergi orqanlarının qarşısında qoyduğu vəzifələrin daha ciddi yerinə yetirilməsinə və çevik vergi siyasətinin həyata keçirilməsinə xidmət etməli idi. Beləliklə, vergi sistemində yaradılan yeni struktur əvvəlkindən fərqli olaraq vergi siyasətinin daha uğurla həyata keçirilməsinə və vergilər sahəsində güclü nəzarət sisteminin tətbiqinə imkan verən mexanizm kimi müsbət keyfiyyətləri özündə birləşdirirdi.

Vergi Məcəlləsinin qəbul edilməsi, yeni və vahid qanunvericilik bazasının yaradılması vergi sistemində aparılan islahatlara mühüm bir təkan verməklə dövlət-sahibkar münasibətlərində yeni bir yanaşmanın əsasını qoydu. Xüsusilə qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin hazırlanması prosesi Heydər Əliyevin birbaşa rəhbərliyi ilə aparılmış, onun ayrı-ayrı hissələri dövlət başçısı yanında keçirilən müşavirələrdə dəfələrlə müzakirə edilmiş, vergitutmanın sadələşdirilməsi, onun bazasının genişləndirilməsi, vergi yükünün azaldılması və digər məsələlər barədə dahi şəxsiyyət Heydər Əliyevin dəyərli tövsiyələri bu işin uğurla başa çatdırılmasına imkan vermişdir. Vergi Məcəlləsinin qəbul edilməsi vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış ən başlıca addımlardan biri idi. Sənədin qəbulu islahatların genişləndirilməsi üçün təkan rolunu oynadı.

   Vergi siyasətinin təkcə büdcə gəlirlərini təmin etməyi nəzərdə tutan fiskal məqsədlərə deyil, həm də ölkədə iqtisadi inkişafı sürətləndirmək, optimal vergitutma mexanizmi ilə əlverişli investisiya mühiti yaratmaq, sahibkarlığın inkişafını stimullaşdırmaq kimi məqsədlərə xidmət etməsi üçün vergi orqanları qarşısında mühüm vəzifələr qoyuldu. Vergi Məcəlləsində əvvəllər tətbiq olunan 13 vergi növündən 9 vergi növü təsbit olunmuş, əksər vergi növləri üzrə dərəcələr aşağı salınmış, aksizə cəlb olunan malların siyahısı azaldılmışdır. Eyni zamanda, Vergi Məcəlləsində vergi sistemi, vergitutmanın ümumi əsasları, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları, vergi ödəyiciləri və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət və digər qaydalar müəyyən edilmişdir.

Qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ölkədə sabit vergi mühitinin yaradılmasına, vergi yükü azaldılmasına, vergi güzəştləri sisteminin tətbiq 

edilməsinə, azad sahibkarlığın stimullaşdırılmasına, vergi ödəyicilərinin hüquq və mənafelərinin qorunmasına xidmət edən müddəalar Vergi Məcəlləsinə daxil edilmişdir. Son 10 ildə mənfəət vergisinin dərəcəsi 27%-dən 20%-ə, ƏDV-nin dərəcəsi 20%-dən 18%-ədək azaldılmış, fiziki şəxslərin gəlir vergisinin hesablanması mexanizmi sadələşdirilərək, bu verginin hesablanması şkalası 6 pilləlidən 2 pilləliyə endirilmiş, iki vergi dərəcəsi (14% və 25%) saxlanılmış, fiziki şəxslərin vergiyə cəlb olunan aylıq gəlirlərinin maksimum həddi 2000 manatadək artırılmışdır. Aqrar sektorun inkişafını stimullaşdırmaq məqsədilə kənd təsərrüfatı istehsalçıları torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilmiş, fiziki şəxslərin əmanətləri üzrə ödənilən faiz məbləğlərindən gəlir vergisinin tutulmasına güzəştlər tətbiq edilmiş, bankların, sığorta və təkrarsığorta şirkətlərinin mənfəətinin nizamnamə kapitalının artırılmasına yönəldilmiş hissəsi mənfəət vergisindən azad olunmuşdur.

Vahid normativ-hüquqi bazanın yaradılması ilə yanaşı, vergi orqanlarının strukturunda təhqiqat və istintaq aparan, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən qurumun yaradılması çox böyük əhəmiyyət kəsb edirdi. Bununla əlaqədar vergi orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi üzrə digər istiqamətlərlə yanaşı, Ümummilli Lider Heydər Əliyev bu məsələyə də həmişə diqqət göstərmiş və müvafiq tapşırıqlar vermişdir. Belə ki, ulu öndər 26 aprel 2000-ci il tarixdə prokurorluq orqanlarının rəhbər işçiləri ilə və 5 may 2000-ci il tarixdə «Vergi Məcəlləsinin» layihəsinin müzakirəsi ilə əlaqədar keçirdiyi müşavirələrdəki çıxışlarında vergi hüquqpozmalarına və bu sahədə törədilən cinayətlərə qarşı mübarizə aparılması üçün vergi xidməti orqanlarına əlavə səlahiyyətlərin verilməsinin zərurətə çevrildiyini vurğulamışdır.

Qeyd olunan tapşırığı icra etmək məqsədilə 29 may 2000-ci il tarixdə Hüquq Mühafizə orqanları ilə əlaqələndirmə Baş İdarəsi yaradıldı. Bu idarənin yaradılması ilə Vergilər Nazirliyində hüquq-mühafizə orqanları səlahiyyətlərini həyata keçirən strukturun təməli qoyulmuş və Respublikanın hüquq-mühafizə orqanları ilə vergi orqanlarının işgüzar əlaqələndirmə sistemi təşkil edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2000-ci il tarixli Fərmanı ilə Vergilər Nazirliyinə təhqiqat və istintaq aparılması səlahiyyətləri verilmişdir. Bu Fərmanın icrası ilə əlaqədar Hüquq mühafizə orqanları ilə əlaqələndirmə Baş İdarəsinin bazasında Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsi, daha sonra isə nazirlikdə aparılan struktur dəyişiklikləri ilə bağlı Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti yaradılmışdır.

2000-ci ildən başlayaraq vergi xidmətinin tarixində ilk dəfə olaraq vergi təbliğatı, vergi ödəyicilərinin vergi məsələləri üzrə məlumatlandırılması, əhalidə vergi mədəniyyətinin və təfəkkürünün formalaşdırılması sahəsində işlərin təşkili respublikanın vergi sistemində aparılan islahatlara paralel olaraq həyata keçirilməkdədir. Vergi ödəyicilərinə xidmət üzrə hələ 2000-ci ildə MDB-yə üzv dövlətlər arasında ilk dəfə olaraq respublikamızın yerli vergi orqanlarında məlumatlandırma şöbələri yaradıldı. Vergilər Nazirliyinin funksional idarəetmə mexanizminin təkmilləşdirilməsi, vergi ödəyicilərinin məlumatlandırılması və vergi təbliğatı tədbirlərinin gücləndirilməsi, yerli vergi orqanlarında xidmət işinin yüksək  səviyyədə təşkilinin təmin olunması məqsədilə 2002-ci ilin sonunda Nazirliyin Mərkəzi aparatında Vergi ödəyicilərinə xidmət idarəsi təşkil edildi. 2000-ci ildə Vergilər Nazirliyinin rəsmi internet səhifəsi yaradılmışdır ki, onun vasitəsilə qanunvericilikdə baş verən dəyişikliklər, vergilərə dair normativ aktlar operativ qaydada vergi ödəyicilərinə çatdırılır.

Vergi ödəyiciləri tərəfindən mövcud bəyannamələrin və vergi ödəyicilərinin uçotuna dair sənəd formalarının əldə edilməsi imkanlarını genişləndirmək məqsədilə onların elektron formaları hazırlanmış və internet saytında yerləşdirilmişdi. Bunlarla yanaşı olaraq, 2001-ci ildə vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığı, yenidən hazırlanması və ixtisaslarının artırılması, vergi sisteminin formalaşdırılması, inkişafı və hüquqi təminatına dair elmi tədqiqatların aparılması məqsədilə Vergilər Nazirliyinin Tədris Mərkəzi, iri vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssisələrlə münasibətlərin daha səmərəli qurulması üçün İri Vergi Ödəyiciləri ilə İş üzrə Departament (hazırda Xüsusi Rejimli Vergi Xidməti Departamenti) yaradılmışdır. Vergi orqanlarında yeni idarəetmə modelinin qurulması məqsədilə 2002-ci ilin sonunda vergi sistemində geniş struktur islahatları həyata keçirilmişdir. Belə ki, təşkilati-idarəetmə mexanizminin təkmilləşdirilməsi məqsədilə respublikanın ərazisində ümumilikdə 54 rayon və şəhər vergi orqanları ləğv edilmiş, onların əvəzində hər biri bir neçə rayon və şəhəri əhatə edən 12 Ərazi Vergilər İdarələri yaradılmışdır. Paytaxt üzrə isə Bakı şəhərinin Baş Vergilər İdarəsi və 11 rayonu üzrə vergi idarələri ləğv edilərək onların əvəzində Bakı şəhəri Vergilər Departamenti təşkil edilmişdir.

          Bütün bunlar deməyə əsas verir ki, Respublikamızda vergi sahəsində kompleks islahatlar apanlmasının başlıca məqsədi aşağıdakılardır:

-təkmil qanunvericilik bazasının yaradılması,

-vergi administrasiyasının müasirləşdirilməsi,

-adekvat kadr siyasətinin aparılması,

-ən yeni texnologiyalarla dəstəklənən modern bir xidmətin qurulması.