2.     Azərbaycanda vergi qanunvericiliyinin təkmilləşdirilməsi.

Vergi sahəsində əldə edilmiş ən böyük uğurlar sırasına, ilk növbədə, 2001-ci ildə Vergi Məcəlləsinin qəbul edilməsi və təkmil qanunvericilik bazasının yaradılması daxildir.

Bu gün vergi sisteminin yenidən qurulması prosesinə nəzər saldıqda nə qədər böyük dəyişikliklərin baş verdiyinin şahidi ola bilərik. Məlum olduğu kimi, Azərbaycanda vergi xidmətinin modernləşdirilməsi prosesinə təxminən 14-15 il bundan əvvəl başlanıb. Həmin dövrdə ümummilli liderin rəhbərliyi altında aparılan irimiqyaslı islahatlara yönələn yeni siyasət ölkənin iqtisadi sistemində əhəmiyyətli canlanma yaratmışdı. Belə bir şəraitdə ölkənin vergi siyasətini yenidən qiymətləndirmək və yeni iqtisadi siyasətə uyğunlaşdırmaq zərurəti meydana gəlmişdi. Ölkənin iqtisadi inkişaf perspektivləri və işgüzarlığın fəal şəkildə artması qanunvericilik bazasının təkmilləşdirilməsini tələb edirdi.

 Ona görə də Heydər Əliyev bu məsələni öz nəzarətinə götürmüş və Vergi Məcəlləsinin layihəsinin hazırlanması ilə bağlı onun göstərişləri qısa müddət ərzində icra olunmuşdu. Vergi Məcəlləsinin layihəsi hazırlanarkən ulu öndər xalqımızın milli xüsusiyyətlərini, mentalitetini və sosial vəziyyətini nəzərə almağı mühüm bir məsələ kimi qarşıya qoymuşdu. Bu məqsədlə Məcəllənin hazırlanması zamanı qanunvericiliyin uzun müddət sabit qalması, güzəşt və imtiyaz sisteminin ünvanlı olması, eləcə də vərəsəlik əsasında keçən mirasın vergilərdən azad edilməsi kimi məsələlər nəzərə alınmışdı.

Vergi Məcəlləsinin qəbul edilməsi və təkmil qanunvericilik bazasının yaradılması ölkəmizin həyatında tarixi bir hadisə olaraq vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış ən başlıca addım idi. Bu sənədin qəbulu islahatların genişləndirilməsi üçün təkan rolunu oynayaraq ölkədə investisiya və vergi mühitinin əhəmiyyətli şəkildə yaxşılaşmasına gətirib çıxardı. Vergi siyasəti təkcə büdcə gəlirlərini təmin etməyi nəzərdə tutan fiskal məqsədlərə deyil, həm də ölkədə iqtisadi inkişafı sürətləndirmək, optimal vergitutma mexanizmi ilə əlverişli investisiya mühiti yaratmaq, sahibkarlığın inkişafını stimullaşdırmaq kimi məqsədlərə xidmət etməyə başladı.

Heydər Əliyevin Vergilər Nazirliyinin yaradılması ilə bağlı imzaladığı fərman dövlət başçısının vergi xidmətinin nüfuzunun qaldırılması istiqamətində atdığı çox mühüm addımlardan biri idi. Ulu öndər "Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik" deməklə, vergi siyasətinin iqtisadi siyasətin mühüm tərkib qolu olduğunu, iqtisadi tənzimləmədə və fiskal siyasətin həyata keçirilməsində vergi siyasətinin aparıcı rolunu müəyyən etmişdi.

Həmin dövrdə Heydər Əliyevin siyasi dəstəyinin, birbaşa tapşırıq və tövsiyələrinin əsasında vergi xidmətində əsaslı struktur islahatlarına start verildi.

               Beynəlxalq standartlara cavab verən vergi inzibatçılığının əsas hədəfləri  həm vergi ödəyicilərinin, həm vergi orqanlarının tələblərinə cavab verməli, bununla bağlı inzibatçılığın fəaliyyət istiqamətləri bir-birini tamamlamalı və aşağıdakı istiqamətlər üzrə  tarazlıq əsasında  inkişaf edilməlidir:

1) Vergi  inzibatçılığının vergi ödəyicilərinin vergilərin könüllü ödənilməsinin artmasına yönəlməsi;

2) Sahibkarlıq subyektlərinin informasiya təminatının daha da yaxşılaşdırılması və məlumat əldə etmə imkanlarının genişləndirilməsi;

3) Vergi ödəyicilərinin qeydiyyatının daha da  təkmilləşməsi;

Sahibkarlıq subyektlərinin qeydiyyatını aparan vergi orqanının xidmət sahəsi müasir tələblərə cavab verən şəraitə malik olmalı, ən yeni informasiya texnologiyaları ilə təchiz edilməlidir.

4) Ayrı-ayrı iqtisadi fəaliyyət növləri və vergi ödəyicilərinin qrupları üzrə vergidən yayınma risklərini aşkar edilməsi və bu risklərin aradan qaldırılması üçün vergi inzibatçılığının potensialının daha da artırılması;

5) Vergi qanunvericiliyinin  və vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı informasiya kompüter texnologiyalarının tətbiq sahələrinin və imkanlarınin daha da genişləndirilməsi;

6) Vergi orqanlarının əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması və həvəsləndirmə tədbirlərinin işçilərin bir başa fəaliyyət nəticələrinə bağlanılması;

7) Vergi sahəsində Avropa İttifaqına üzv olan ölkələrlə əməkdaşlığın inkişaf etdirilməsi;

8) Vergi ödəyicilərinin hüquqlarınin  qorunmasının yaxşılaşdırılması məqsədilə apelyasiya sisteminin  daha da təkmilləşdirilməsi.

           2001-ci ilin yanvar ayının 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Vergi Məcəlləsi digər məsələlərlə yanaşı Respublikada vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını müəyyən edir.

 “Əgər biz müstəqil dövlətiksə, müstəqil inkişaf etmək istəyiriksə, biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik. Buna görə də vergi orqanlarının işinə daha çox diqqət yetirməliyik” tezisi ilə verginin iqtisadi siyasətin mühüm tərkib hissəsi kimi aparıcı rolunu dahiyanə ehtiva edən Ümummilli Lider Vergilər Nazirliyinin yaradılması, Vergi Məcəlləsinin qəbul edilməsi və digər aidiyyəti qərarları ilə müstəqil Azərbaycan dövlətinin vergi sisteminin formalaşmasının təşəbbüskarı və banisidir.

Vergi Məcəlləsinin qəbul edilməsi islahatların genişləndirilməsi üçün təkan rolunu oynadı. Bu dövrə qədər vergi siyasəti faktiki olaraq vergitutma sahəsində qəbul edilmiş bir sıra qanunlar və digər normativ- hüquqi aktlarla tənzimlənirdi ki, onların da çoxu ölkədə aparılan iqtisadi islahatların tələblərinə cavab  vermir, bir-birilə ziddiyyət təşkil edir, sahibkarlığın inkişafına maneçilik törədir, investisiya mühitinin cəlbediciliyini təmin etmirdi.

Ümumilli liderimiz Heydər Əliyevin 2002-ci ilin ortalarında yerli və xarici iş adamları ilə keçirdiyi görüşlərdən sonra «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramının» (2002-2005-ci illər) təsdiq edilməsi haqqında, «Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında, «Sahibkarlığın inkişafına mane olar müdaxilələrin qarşısının alınması haqqında»  imzaladığı tarixi Fərmanlarla dövlət  vergi orqanlarının qarşısında bir sıra mühüm vəzifələr qoyulmuşdur.