1.  Makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, əlverişli investisiya mühitinin yaradılması, milli istehsalın artırılması.

              Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizin dövlətçilik tarixində müstəsna yeri vardır. O, öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində, müasir Azərbaycan dövlətinin qurulmasında böyük rol oynamışdır.

Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması, elmin, təhsilin, mədəniyyətin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin Əsas Qanunu olan Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir.

Müstəqil Azərbaycan dövlətinin yaşaması, inkişaf edərək dünya dövlətləri arasında layiqli yer tutması, qüdrətli bir ölkə kimi təşəkkülü və davamlı inkişafı üçün biz ulu öndər Heydər Əliyevə borcluyuq. Ümummilli lider bütün şüurlu həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, ölkəmizin tərəqqisinə həsr etmişdir.

Azərbaycanı iri addımlarla yeni əsrə və yeni ideoloji üfüqlərə aparan bu müdrik insanın yaratdığı böyük potensialdan Azərbaycan xalqı bu gün də faydalanır. Müasir tariximizin 40 ilə yaxın bir mərhələsi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun rəhbərliyi altında ötən əsrin 70-80-ci illərində Azərbaycan iqtisadiyyatının təməli və sahəvi strukturu formalaşmışdır.

Həmin illər Heydər Əliyevin rəhbərliyi altında respublikamızda bir çox yeni istehsalat sahələri yaradılmış, 200-dən artıq iri sənaye müəssisəsi işə salınmışdır. O zaman bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu.

Bu gün Azərbaycan iqtisadiyyatının özəyini təşkil edən neft sənayesi, digər sənaye obyektləri, iri istehsal kompleksləri, su anbarları, dəryaçalar, yollar məhz Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir və müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatı məhz həmin təməl üzərində inkişaf edir.

Azərbaycanda müasir vergi xidmətinin yaradılması da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin təşəbbüsü və qayğısı sayəsində, onun bilavasitə rəhbərliyi altında ölkədə aparılan iqtisadi islahatların tərkib hissəsi olaraq vergi sisteminin müasir standartlar əsasında formalaşması üçün mühüm tədbirlər həyata keçirilmiş, ölkəmizin vergi siyasətinin konsepsiyası, vergi sistemində aparılan islahatların fəlsəfəsi, strategiyası müəyyən olunmuşdur.

Ümumilli lider Heydər Əliyevin Azərbaycanın vergi sisteminin dünya standartlarına uyğunlaşdırılması istiqamətində əsasını qoyduğu siyasət kursunu şərti olaraq iki mərhələyə bölmək olar:   1993-1999 –cu illər və   1999-2003-cü illər.

Yuxarıda qeyd etdiyimiz kimi, birinci mərhələ 1993-1999 cu illəri əhatə edir. Bu dövrdə yeridilən iqtisadi siyasətin əsas məqsədi ölkənin iqtisadi xaosdan çıxarılmasına, makroiqtisadi sabitliyin möhkəmləndirilməsinə,əlverişli investisiya mühitinin yaradılmasına, milli istehsalın artırılmasına nail olmaqdan ibarət idi. O zaman respublikada həyata keçirilən irimiqyaslı islahatların tərkib hissəsi kimi vergilər sahəsində də köklü dəyişikliklər aparılmışdır. Aparılan uğurlu islahatlar nəticəsində inflyasiya və büdcə kəsiri minimuma endirilmiş, ötən əsrin doxsanıncı illərinin birinci yarısında iqtisadiyyatda mövcud geriliyin qarşısı alınmış və uzunmüddətli böhrandan sonra  iqtisadi artıma nail olunmuşdur.

Həmin dövrdə bu sahədə səmərələliyin artırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin aşağıda qeyd edilən Fərmanları imzalanmışdır:

1) 17 iyun 1996-cı il tarixli «İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə»;

2)  7 yanvar  1997-ci il tarixli «Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında».

            Müasir vergi siyasəti kursunun ikinci mərhələsi isə 1999-cu ildən sonrakı dövrü əhatə edir. 1999-cu ildən başlayaraq respublikamızda vergi sisteminin kompleks islahatlarının planı işlənib hazırlanmışdır. 1999-cu ildən başlanmış islahatların ilkin mərhələsində bütün diqqət təkmil vergi qanunvericiliyinin yaradılmasına, inzibati idarəetmənin yaxşılaşdınlmasına və vergilərin dövlət büdcəsinə tam səfərbər olunmasma yönəldildi.

Müasir vergi sisteminin formalaşdırılması sahəsində ümumimilli lider Heydər Əliyevin qərarı ilə yeni inkişaf mərhələsinə Vergilər Nazirliyinin yaradılması ilə start verildi. Qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, islahatların elə ilk mərhələsində ümummilli lider Heydər Əliyev 2000-ci il 11 fevral tarixli fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında dövlətin vergi siyasətinin həyata keçirilməsi, dövlət büdcəsinə vergilər və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən, vergitutma sahəsində dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının - Vergilər Nazirliyinin yaradılması barədə qərar qəbul etdi.