8. 2013-2020-ci illərdə “Vergi sisteminin inkişaf strategiyası”.

Vergi siyasəti də daxil olmaqla, iqtisadi siyasət sahəsində kompleks tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əks olunmuşdur.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında bilavasitə və dolayısı ilə Vergilər Nazirliyinə aid tədbirlərin, o cümlədən aktiv vergi siyasətinə keçidin təmin edilməsi, vergi dərəcələrinin optimallaşdırılması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə  növbəti illərdə “Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Plan” həyata keçiriləcəkdir.

Strategiyanın əsas missiyası:

1.Azərbaycanın iqtisadi inkişaf hədəflərinə nail olmaq üçün mütərəqqi, mükəmməl və beynəlxalq standartlara cavab verən vergi sisteminin formalaşması;

2. Qeyri-neft sektorunun inkişafının stimullaşdırılması, vergi daxilolmalarının artırılması, innovasiya yönümlü iqtisadiyyatın inkişafını təmin edən və qeyri-neft sektorunun ixrac potensialını gücləndirən vergi siyasətinin formalaşdırılması;

 3. Vergi ödəyiciləri ilə vergi orqanları arasında partnyorluq prinsiplərinə əsaslanan keyfiyyətcə yeni əməkdaşlıq prinsiplərinin yaradılması;

4. Əhalinin vergi mədəniyyətinin yüksəldilməsi, vergi ödəmə vərdişlərinin cəmiyyətin normasına çevrilməsinə nail olunması.

Azərbaycanın vergi sistemi sosial-iqtisadi inkişafın təmin edilməsində və sahibkarlığın inkişafının sürətləndirilməsində, büdcə gəlirlərinin formalaşmasında əsas mənbə kimi tanınacaqdır. Azərbaycan Respublikasının Vergilər Nazirliyi çevik və onun qarşısında qoyulan problemləri operativ şəkildə həll etmək imkanlarına malik olan mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyətini daha da gücləndirəcəkdir. İnformasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, elektron xidmətlərin keyfiyyətcə yeni prinsiplər əsasında qurulması Vergilər Nazirliyinin bu sahədə tutduğu mövqeyi əhəmiyyətli dərəcədə gücləndirəcək və onun nüfuzunu artıracaqdır.